Azərbaycan-Türkiyə arasındakı strateji müttəfiqlik bundan sonra da dərinləşəcək - ARAŞDIRMA

Məlum olduğu kimi, iyunun 12-də iyirmi dördüncü çağırış Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilmiş seçkilərin ilkin nəticələri açıqlanıb.

Seçicilərin 49,9 faiz səsini qazanan hakim Ədalət və İnkişaf Partiyası (AKP) irəlidədir. Səsvermədə seçicilərin 50 milyon 221 min 965, yaxud 87,14 faizi vətəndaşlıq borcunu yerinə yetirib.

Qeyri rəsmi nəticələrə görə, 194 min 949 seçki qutusunun açılmasından sonra ümumi millət vəkili sayı 550 olan TBMM-də siyasi partiyalar və müstəqil namizədlərin qazandıqları yerlər belədir: Hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə 326 yer (49,9 faiz), Cümhuriyyət Xalq Partiyası (CHP) 135 (25,9 faiz), Milliyyətçi Hərəkat Partiyası (MHP) 53 (13 faiz), müstəqil namizədlər 36 mandat (6,6 faiz).

Türkiyənin 81 vilayətinin 66-da AKP, 6-da CHP, 8-də müstəqil siyasətçilər, 1-də isə MHP seçicilərin daha çox səsini alıb.

Baş nazir Rəcəb Tayyib Ərdoğan seçkilərin nəticələrinə dair partiyasının Ankaradakı mərkəzi qərargahının qarşısına toplaşmış vətəndaşlara müraciətində Bakı da daxil olmaqla bütün dost və qardaş ölkələrin paytaxtlarını salamlayıb. O, səsvermədə iştirak edən bütün Türkiyə vətəndaşlarına təşəkkürünü bildirib, hər iki seçicidən birinin səsini almaqdan qürur duyduğunu dilə gətirib.

AKP-nin üçüncü dəfə təkbaşına hökumət qurma səlahiyyəti almasına baxmayaraq, Baş nazir Rəcəb Tayyib Ərdoğanın quracağı yeni hökumət 1982-ci ildəki hərbi çevriliş dövründə qəbul edilmiş ölkə Konstitusiyasını öz gücü ilə dəyişdirmək hədəfinə nail olmayıb. Bunun üçün AKP parlamentdə ən az 330 yer almalı idi.
Seçkilərdə səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının və Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidə missiyalarının tərkibində Azərbaycan Respublikası Milli Məclisinin deputatları da izləyiblər.

Qardaş ölkədə keçirilən bu seçkiləri diqqətlə izləyən Azərbaycanda da nəticələrin gözlənilən olduğu bildirilir.

Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, Azərbaycan türk xalqının seçiminə hörmətlə yanaşır və Türkiyədə keçirilən parlament seçkilərində qalib gələn tərəflə əməkdaşlığa hazırdır. B.Muradova deyib ki, Azərbaycanla Türkiyə qardaş dövlətdir və ölkəmiz Türkiyə vətəndaşlarının seçdiyi hakimiyyətlə hər zaman əməkdaşlıq edir. Onun sözlərinə görə, növbəti parlament seçkilərindən sonra da Türkiyə xalqının etimad göstərdiyi siyasi qüvvə ilə əməkdaşlıq ediləcək. "Bəzən bizi ittiham edirlər ki, AKP-yə dəstək veririk. YAP Azərbaycanda, AKP isə Türkiyədə hakim partiyadır. Bu partiya ilə bizim rəsmi əlaqələrimiz var və biz sıx münasibətlər qurmuşuq. Çıxışlarımızda AKP ilə fəal əməkdaşlıq etdiyimizi söyləmişik. Amma bu münasibətləri qurmaqla, Türkiyənin daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Ona görə də, Türkiyədə seçki kampaniyasına qoşulmuş bəzi partiyaların nümayəndələrinin bizə qarşı ittihamları düzgün deyil. Nəzərə almaq lazımdır ki, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı, eləcə də, dostluq qruplarında müxalifət təmsilçiləri var və biz onlarla normal münasibətdəyik. Eləcə də, beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin parlamentariləri fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. Bu zaman kimin iqtidar və ya müxalifət olduğu önəm daşımır. Ona görə də, bizim münasibətlərimiz türk xalqının yerinə Türkiyədə siyasətin hansı istiqamətdə getməsini müəyyən etməyə cəhd kimi qiymətləndirilə bilməz. Biz Türkiyə xalqının iradəsi ilə həmişə hesablaşacağıq" deyə vitse-spiker vurğulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov da Azərbaycanla Türkiyənin dost və qardaş dövlətlər olduğunu deyib: "Bizim münasibətlərimiz də bu prinsiplərə əsaslanır. Türkiyədə keçirilmiş seçkilərdə qalib gəlmiş partiyanı qələbə münasibətlə təbrik edirik və inanırıq ki, münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək".

YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, Türkiyə bu seçkilərlə bir daha demokratik ölkə olduğunu dünyaya nümayiş etdiriç. Onun sözlərinə görə, güclü siyasi mübarizə şəraitində keçən seçki kampaniyası məntiqi sonluğuna çatıç: "Azərbaycan və Türkiyə arasında sıx əlaqələr mövcuddur. Düşünürəm ki, bu əlaqələr bundan sonra da uğurla davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə