Azərbaycan – tolerantlıq nümunəsi - ANALİZ

"Köhnə qitə" adlandırılan Avropa məkanında özlərini "tolerant" qismində və "üstün" nöqteyi-nəzərində təqdim edən "mədəni" avropalıların zaman-zaman başqa dövlətlərdə "səhv" axtarmaları artıq ənənə halını almışdır. Düzdür, müxtəlif qitələrdə və həmin qitələrdə cəmləşən bir sıra dövlətlərdə hər hansı qeyri-demokratik, antihumanist, yaxud bu kimi digər amillər üzə çıxdığı zaman, əsil həqiqətləri söyləmək, buna müvafiq qərarlar qəbul edərək bəyanatlar səsləndirmək bəşəriyyət üçün, insan toplumu üçün yararlı vasitədir. Çünki ən azından, beynəlxalq aləmin diqqəti həmin bəyanatlara, qərarlara yönəlir, hətta arzuolunmaz halların qarşısını almaq üçün, birgə sanksiyalar qəbul edilir. Məsələn, Liviyada. Suriyada, Misirdə, Yəməndə, Sudanda baş verən hadisələrdə nəinki Avropa, hətta dünya miqyasında ümumiləşmiş fikirlər üst-üstə düşdü. Amma necə deyərlər, hər şeyin öz yeri var. Və çox hallarda Avropanın tam "göbəyində" elə qeyri-insani olaylara rast gəlinir ki, həmin hadisələr yuxarıda adıçəkilən dövlətlərdəki vəziyyətlərdən heç də geri qalmır. Mitinq və nümayişlərin zor gücünə dağıdılması, dini dözümsüzlük, irqçilik kimi faktorlara daha çox "köhnə qitədə" rast gəlinir. Maraqlıdır ki, bu zaman heç bir Avropa təşkilatı bəyanatlar səsləndirmir, qərarlar qəbul etmir və s. Yəni qısacası, olanı demək lazımdır…

Azərbaycan hər zaman beynəlxalq aləmə öz tolerantlığı ilə nümunə olub

Avropa Komissiyasının Azərbaycanla bağlı verdiyi sonuncu qətnamədə növbəti dəfə reallıqlar bir kənara qoyulub və təhrifedici, qərəzli nüanslar həmin qətnamədə öz yerini tapıb. Belə ki, hesabatın dini qurumlar üzrə bölməsində deyilir ki, guya Azərbaycanda müxtəlif dini qurumlara qarşı ayrıseçkilik dilir. Daha dəqiq desək, hökumət qeyri-ənənəvi, ya da azlıq təşkil edən dini qurum və təşkilatların yenidən qeydiyyatdan keçməsində süni əngəllər yaradır. Bu nə dərəcədə doğrudur? Əgər diqqət yetirsək görərik ki, Ölkəmiz, xüsusilə paytaxt Bakı bütün dövrlərdə beynəlmiləlçilik statusunda qəbul edilib, öz tolerantlığı ilə başqa dövlətlərə nümunə olub. Burada müxtəlif millətlər olmaqla yanaşı, müxtəlif dini qurumlar rahat şəkildə öz vəzifələrini icra ediblər. Məhz bu məqamın özü DEMOKRATİYADAN irəli gələn göstəricidir, nəticədir. Çünki ölkədəki mövcud hakimiyyət başda cənab Prezident İlham Əliyev olmaqla bu istiqamətdə bütün gücünü ortaya qoyub, hər vəchlə arzuolunmaz problemlərin qarşısını alıb və sayı yüzlərlə ölçülən müxtəlif millətlər Azərbaycan vətəndaşı statusunda yaşayır, işləyir, eləcə də yaradılan demokratik şəraitdən olduqca məmnundurlar. Məscidlərlə yanaşı, yeni-yeni sinaqoqlar, kilsələr tkilir, dini inancına rəğbət bəsləyən hər bir vətəndaş öz ibadət funksiyasını rahat şəkildə icra edir. Eyni zananda, ölkəyə daxil olan dini təşkilatlar müvafiq prosedurlardan keçdikdən sonra, qeydiyyata alınır və bu prosesdə heç bir süni əngəllərə rast gəlinmir. Amma təbii ki, dövlətçiliyə qarşı yönəlmiş hər hansı bir vəziyyətlərdə, qəbul edilmiş dövlət qanunlarına əməl olunur müvafiq tədbirlər həyata keçirilir. Bunu isə antidemokratiya, irqçilik, yaxud da dini dözümsüzlük adlandırmaq gülünc və istehzadoğurucudur.

Demokratiya istiqamətində görülən işlərlə yanaşı, görüləcək işlər də çoxdur

Avropalı demokratiya carçıları onu da anlamalıdırlar ki, demokratiya düşüncə tərzidir. Dövlətin görülən işlərlə yanaşı, görüləcək işləri də çoxdur və Azərbaycan bu istiqamətdə davamlı layihələr həyata keçirir. Yuxarıda qeyd etdiyimiz kimi, dünyada və regionda, insan haqlarının kobud şəkildə pozulduğu ölkələr mövcuddur. Buna digər misal kimi qonşu dövlət hesab edilən işğalçı Ermənistanı göstərmək mümkündür. Orada insanların hansı vəziyyətdə yaşamasını deməyə isə ehtiyac yoxdur. Hamıya məlumdur ki, Avropanın qabaqcıl ölkələrində də icazəsiz, qanunsuz aksiyaların qarşısı alınır. Sözügedən hesabat isə demokratik dövlət kimi Azərbaycanın mənafeyinə xələl gətirir. Yaxşı olardı ki, Avropalı diplomatlar hərdən öz dövlətlərində baş verən hadisələrə əyilib baxsınlar və onların ölkələrində mütəmadi olaraq baş qaldıran dini dözünsüzlük, irqçilik amillərinə qətiyyətli fikir bildirsinlər. Axı onlar demokratiyaya "sadiqdirlər"…

RÖVŞƏN RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə