Robert Köçəryanın hakimiyyətə qayıdışı reallaşa bilər - ANALİZ

Ermənistanda eks-prezident Robert Köçəryanın hazırkı prezident Serj Sarkisyanı devirərək hakimiyyətə qayıtmaq yönündə fəaliyyətlərini gücləndirdiyi haqda xəbərlər öz təsdiqini tapmaqdadır. Belə ki, Ermənistan mətbuatı Köçəryanın hələ 8 may tarixində - Şuşanın işğal olunmasını qeyd etmək üçün Dağlıq Qarabağda olarkən, separatçı rejimin nəzarətindəki silahlı qüvvələrin komandanlığı ilə Sarkisyanın hakimiyyətdən devrilməsi planını müzakirə etdiyi barədə xəbərlər yaymışdılar.

Həmin xəbərlərdə bildirilirdi ki, Dağlıq Qarabağın keçmiş "müdafiə naziri" Samvel Babayan Köçəryanın əsas müttəfiqlərindən biridir və eks-prezidentin "sağ əli" rolunu oynayır. Xəbər mənbələrində o da bildirilmişdir ki, Köçəryan Sarkisyanı devirmək üçün Dağlıq Qarabağda ona sadiq qüvvələri birbaşa paytaxt Yerevana yeridə bilər. Xatırladaq ki, hələ 1998-ci ildə Köçəryan o vaxtkı prezident Levon Ter-Petrosyanı istefaya məcbur etmək üçün məhz bu üsuldan istifadə etmişdi.
Əldə edilən digər məlumatlara görə, Köçəryan hakimiyyətə qayıtmaq planlarını çox gizli şəkildə razılaşdırır və bu razılaşdırmalarda xarici dövlət amillərinin mövcudluğu artıq öz təsdiqini tapıb. O da məlum olub ki, bu günlərdə S.Babayan Tehranda gizli səfərdə olub. Bu barədə məlumat mətbuatda yayıldıqdan sonra İrana getdiyini təsdiqləyən Babayan deyib ki, o, Ermənistanın daxili siyasətinə dair heç kimlə müzakirə aparmayıb. Mətbuatın iddiasına görə, Köçəryan vəd edib ki, əgər hakimiyyətə yiyələnməyi bacarsa Babayana Ermənistanın müdafiə naziri postunu verəcək.
Ermənistan mətbuatı xatırladır ki, bu ilin yanvar ayında Köçəryan da Tehranda səfərdə olub və orada bəzi rəsmilərlə görüşüb. Qarşı tərəf isə bəyan edib ki, Köçəryanla "köhnə dost" kimi keçmiş haqda "xoş xatirələr" və gələcək barədə "perspektivlər" müzakirə olunub. Bir daha xatırlatmaq yerinə düşərdi ki, Babayan və Köçəryan hər ikisi əslən Dağlıq Qarabağdandır. Babayan 1993-1999-cu illərdə separatçı rejimin silahlı qüvvələrinin "komandanı" olub. Daha sonra o, Dağlıq Qarabağda qondarma "prezident" Arkadi Qukasyanı devirmək cəhdinə görə həbs edilib. Babayanın Ermənistan prezidenti Serj Sarkisyan və indiki müdafiə naziri Seyran Ohanyanla münasibətləri olduqca pisdir. Onun həbsdən buraxılaraq Ermənistana qayıtmasını isə Robert Köçəryan səlahiyyət müddətinin başa çatmasına az qalmış təmin edib. Bildirilir ki, Dağlıq Qarabağdakı erməni qüvvələrinin bir hissəsi hələ də Babayanın müəyyən təsiri altında qalmaqdadır.
Lakin istənilən halda, Ermənistanın qarışması və əsas siyasi qüvvələrin bir-birinə qarşı savaşa başlaması Azərbaycanın xeyrinədir. Hazırda Qərbin Türkiyəyə təzyiq edərək, onu Ermənistanla sərhədlərini açmağa təhrik etməsi fonunda İrəvanda vəziyyət qarışsa, belə bir prosesin təxirə salınacağı şübhəsizdir. Bu vəziyyət həm də erməniləri daha da zəiflədər, Dağlıq Qarabağ və Ermənistan erməniləri arasında olan konflikti qəti şəkildə dərinləşdirərdi.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə