Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sözünə hörmət edən ölkə kimi tanıda bilib – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, dünən Bakıda XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransı işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev sərgidəki çıxışında bir daha bildirib ki, Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sözünə hörmət edən ölkə kimi tanıda bilib: "1994-cü ildən bu günə qədər Azərbaycan ilə xarici neft şirkətləri arasında heç bir ciddi mübahisə, heç bir qarşıdurma, kontraktlara yenidən baxılmaq arzuları olmamışdır. Mən bunu ona görə deyirəm ki, bəzi ölkələrdə vaxtilə imzalanmış kontraktlara yenidən baxılır, onların dəyişdirilməsi üçün addımlar atılır. Bizdə isə, yanaşma tam fərqlidir. Biz etimadı qazanmışıq və bu etimadı qiymətləndiririk. Hesab edirəm, investorlar üçün ən vacib amil ondan ibarətdir ki, onlar tam əmin olmalıdırlar, onların investisiyaları dövlət tərəfindən lazımi səviyyədə qorunur və bu siyasət dəyişməz olaraq qalır".

Dövlətimizin başçısı, həmçinin, vurğulayıb ki, bu gün Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrə bərabərdir: Bizim qaz ehtiyatlarımız, bir daha demək istəyirəm ki, kifayət qədərdir. Ən azı yüz il bundan sonra həm bizə, həm istehlakçılara kifayət edəcək".

Bu faktlar bir daha sübut edir ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti Qərb ölkələrinin yanacaq təchizatında mühüm rol oynamaqdadır.

Qeyd edək ki, hazırda Azərbaycan öz enerji ehtiyatları və marşrutları ilə Avropanın əsas enerji mənbəyinə çevrilib. Rəsmi Bakının bu strategiyası ölkəmizin regionda mövqeyini möhkəmləndirməklə yanaşı, həm də dünya dövlətləri ilə əməkdaşlığının inkişafına müsbət təsir göstərir. Məlumdur ki, Avropanın yeni enerji mənbələrindən biri kimi, Xəzər regionu mühüm yer tutur. Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Avropanın bir sıra ölkələrinin yanacaq təchizatını yaxşılaşdırmaqdadır. Bununla yanaşı, "Şahdəniz" yatağından hasil olunan qazın Bakı-Tbilisirzurum və Türkiyə-Yunanıstan qaz kəməri vasitəsilə Avropaya nəqli həmin bölgənin enerji təhlükəsizliyinə mühüm töhfəsini verməkdədir. Bu marşrut Avropanın enerji təhlükəsizliyinə təminat verən transkontinental dəhliz sayıla bilər. Aİ hazırda yeni qaz ixracatçısı kimi Azərbaycanla tərəfdaşlığı daha da möhkəmləndirmək niyyətindədir. Qurum, Yunanıstana və İtaliyaya qaz kəmərinin çəkilişini dəstəkləyərək bu tranzit dəhlizinin digər Avropa ölkələrinədək uzadılmasında maraqlıdır. Məlum olduğu kimi, Yunanıstan artıq Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac olunan Azərbaycan qazını Türkiyə-Yunanıstan kəməri vasitəsilə idxal edir. Əlavə edək ki, layihənin iştirakçı tərəfləri arasında əldə olunmuş razılığa əsasən Azərbaycanın yanacaq ehtiyatlarının Türkiyə və Yunanıstan vasitəsilə İtaliya limanlarına, oradan isə müxtəlif dövlətlərə daşınmasını tənzimləyəcək. 2010-2012-ci illərdə Azərbaycan Avropanın əksər dövlətlərinə qaz ixrac edəcək. 2012-ci ilin sonunadək Adriatik dənizinin dibi ilə Yunanıstanla İtaliyanı birləşdirəcək daha bir kəmərin inşası planlaşdırılır ki, bu kəmərə ötürülən yanacağın da məhz "Şahdəniz" qazı olacağı nəzərdə tutulur. Bu layihələrin baş tutması son nəticədə TransAvropa Enerji Şəbəkəsinin yaradılmasına səbəb olacaq. Azərbaycan Qdanskadək uzanan Odessa-Brodı neft kəmərinin bütünlüklə Qərbi və Mərkəzi Avropanın yanacaq ehtiyatları ilə təchiz olunmasını başa çatdırmağa imkan yaradacaq. Respublikamızın mövcud neft-qaz kəmərləri ilə nəql olunan yanacağın şaxələndirilməsi təsdiqləyir ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyi məsələsində olduqca mühüm və əhəmiyyətli rol oynamaqdadır. Təsadüfi deyil ki, Aİ Azərbaycan iqtisadiyyatındakı artım tempini yüksək dəyərləndirərək 2006-cı ildən davam edən dünya iqtisadiyyatının geriləmə tendensiyasının qarşılığında Azərbaycanın əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun (ÜDM) artım dinamikasına görə, liderliyini qorumasını təqdir edir. Avropa regionunda inkişaf etmiş dövlətlərin milli məhsul və digər göstəricilər üzrə enmə tendensiyası ilə üzləşdiyi halda Azərbaycanın yüksək artım tempini qoruyub saxlaması düşünülmüş iqtisadi siyasətin mühüm nəticələridir. Bu günlərdə Bakıda səfərdə olan ABŞ dövlət katibinin Xəzər bölgəsində energetika məsələləri üzrə köməkçisi Riçard Morninqstar bildirib ki, "Cənub dəhlizi" layihəsi Ağ Evin əsas prioritetlərindəndir və Vaşinqtonun Xəzər hövzəsindən Avropaya qaz nəql edəcək istənilən qaz kəmərini dəstəkləyir. Azərbaycanda keçirilən "Xəzər neft, qaz, neftayırma və neft kimyası" 18-ci Beynəlxalq sərgisində iştirak edən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Prezident İlham Əliyevlə görüşündə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, xüsusilə də, enerji sahəsində uğurlu inkişafından məmnunluğunu bildirərək əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini ifadə edib. Göründüyü kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında başlıca rol oynayan dövlətə çevrilib və bu siyasət artıq yeni mərhələyə qədəm qoyub. Enerji-yanacaq və kommunikasiya qovşaqlarının gerçəkləşməsində ölkəmizin yürütdüyü siyasət neft-qaz sektorundakı investisiya layihələrinin əhəmiyyətini artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə