Milli Sərgi və Konqres Mərkəzi xəstəxanaya çevrildi

Çin 2020-ci ilin əvvəlindən Covid-19 ilə mübarizədə ən çətin günlərini yaşasa da, 25 milyondan çox əhalisi olan Şanxay şəhəri epidemiyanın son dalğasının mərkəzinə çevrilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin maliyyə mərkəzi kimi tanınan Şanxaydakı Milli Sərgi və Konqres Mərkəzi, artan hadisələrdən sonra xəstəxanaya çevrilib.

Şəhərin ən böyük sahə xəstəxanası olan 600 min kvadratmetrlik mərkəzdə 50 min çarpayı var. Xəstəxanada təmiz hava dövranını təmin etmək üçün böyük bir sistemi də quraşdırılıb. Xəstəxananın tikintisi üçün ölkənin müxtəlif bölgələrindən olan 25 min işçi mərkəzin 8 müxtəlif bölgəsində eyni vaxtda iş aparıb. Bir həftədən az müddətdə tikintisi başa çatan xəstəxana artıq xəstələri qəbul etməyə başlayıb.

Çində son 24 saat ərzində açıqlanan Covid-19 məlumatlarına görə, ölkədə 2 min 742 yeni yoluxma aşkar edilib, 3 nəfər ölüb. Beləliklə, ölkədə ümumi yoluxma sayı 185 min 35-ə, ölənlərin sayı isə 4 min 641-ə çatıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə