Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 23-də istefa vermiş prezident Armen Sarkisyanın yerinə seçiləcək şəxsin müəyyən edilməsi üçün martda parlamentə seçkilərin keçiriləcəyini açıqlayıb. SİA xəbər verir ki, Ermənistanda hakimiyyətdə olan partiya bu seçkidə yüksək texnologiyalar sənayesi naziri Xaçatiryanın namizədliyini irəli sürəcək. Prezident Armen Sarkisyan istefası ilə bağlı verdiyi açıqlamada ölkəsində müxtəlif siyasi problemlərin olduğunu və onlarla mübarizə aparmaq üçün lazımi səlahiyyətlərinin olmadığını bildirib. Prezident kimi daxili və xarici problemləri həll edəcək konstitusiya səlahiyyətinin olmadığını deyən Sarkisyan bəzi siyasi qrupların onu və ailəsini hədəfə almasından da şikayətlənib. Qeyd olunan səbəblərdən səhhətinin pis təsirləndiyini vurğulayan Sarkisyan qeyd edib ki, uzun müddət düşündüm və dörd ildən sonra prezidentlikdən istefa vermək qərarına gəldim. Bu qərar emosional deyil, müəyyən məntiq çərçivəsində verilib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə