Dövlət Duması kvota üzrə miqrantları rus dili imtahanından azad edir...

...Dövlət Duması əmək miqrantlarını məcburi imtahanlardan azad edən qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu güzəşt yalnız dövlət kvotasında işləyən əcnəbilərə şamil ediləcək.

SİA-nın məlumatına görə, dəyişikliklər Rusiya hökuməti tərəfindən hazırlanıb və Rusiya iqtisadiyyatının ehtiyacları üçün, xüsusən də iri investisiya layihələrinin həyata keçirilməsi kontekstində işçi qüvvəsinin cəlb edilməsinin sadələşdirilməsinə yönəlib.

Sənəd hökumət tərəfindən müəyyən edilmiş kvota çərçivəsində verilən iş icazəsi əsasında işləyən xarici vətəndaşları məcburi sınaqlardan keçməkdən azad edir. Bundan başqa, qanun layihəsində Əmək Nazirliyinin xüsusi siyahısına daxil edilmiş peşələr üzrə yüksək ixtisaslı mütəxəssislərin rus dilini bilməsi ilə bağlı təsdiqedici sənədlərin verilməsi müddətinin artırılması nəzərdə tutulur.
Bundan əvvəl Dövlət Dumasının deputatları Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilməsi üçün əsasların siyahısını genişləndirən qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Sənəd Dövlət Dumasının sədri Vyaçeslav Volodin, vitse-spiker İrina Yarovaya və bütün parlament fraksiyalarının rəhbərləri tərəfindən irəli sürülüb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə