Türkiyə ilə Suriya arasında prioritet məsələ quru yollarının yaxşılaşdırılmasıdır - Nazir

Türkiyə ilə Suriya arasında quru, dəmir, hava yolları, eləcə də dənizçilik və kommunikasiya sahələrinin bərpası ilə bağlı danışıqlar aparılır. Suriyada quru yolları istənilən standartlarda olmasa da, işlək bir sistem var. Dəmir yolu xəttinin isə təxminən 50 kilometrlik hissəsi tamamilə dağıdılıb. Bu yolun bərpası mümkün olduğu təqdirdə Türkiyədən Dəməşqə qədər dəmiryolu əlaqəsi olacaq. Bütün bu fəaliyyətlər müəyyən bir plan çərçivəsində həyata keçiriləcək, lakin quru yollarının yaxşılaşdırılması prioritet məsələdir. SİA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur nazir Abdulkadir Uraloğlu açıqlayıb.

Dəməşq aeroportunun Türkiyənin texniki dəstəyi ilə yenidən fəaliyyətə başladığını qeyd edən nazir bu hava limanında bəzi radarların da təmin edilərək quraşdırılmasının vacibliyini vurğulayıb.

İstanbulda yeni dəmir yolu xətti layihəsi barədə danışan Uraloğlu bildirib ki, şəhərin Yavuz Sultan Səlim körpüsündən keçəcək 120 kilometrlik bu yol Sabiha Gökçən və İstanbul beynəlxalq aeroportlarını da əhatə edəcək.

Nazir, paytaxt Ankaranın Esenboğa hava limanında da üçüncü uçuş-enmə zolağı və yeni nəzarət qülləsinin tikintisinin başa çatmaq üzrə olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə