Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və fələstinliləri köçürmək planına münasibət bildirərək “Fələstin torpağı heç kimin atasının ferması deyil və o, kiminsə şirkətlərinə veriləcək pay torpağı deyil” deyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
N.Kurtulmuş rəsmi görüşlərini davam etdirdiyi Yaponiyanın Naqoya şəhərində açıqlamalar verərək İsrailin soyqırımı zamanı Qəzzada yaşanan insanlıq faciəsinə toxunub: "Fələstinli bacı-qardaşlarımızın yaşadıqları ərəblərin və ümilikdə müsəlmanların problemi olmaqdan çox uzaqlaşaraq bəşəriyyətin ortaq probleminə çevrilib.
Türkiyə hər platformada Fələstin xalqının yanında olmağa davam edəcək.
Harada və hansı görüşə qatılsaq, hansı ikitərəfli və ya çoxtərəfli münasibətdə olsaq, Qəzzada baş verən bu böyük qırğınlara qarşı olduğumuzu bildiririk”.
ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və fələstinliləri didərgin salmaq planına da münasibət bildirən Kurtulmuş deyib: “Fələstin torpaqları heç kimin atasının ferması deyil, kimsənin şirkətlərinə veriləcək pay torpaqları deyil. Fələstin torpaqları - o torpaqları qanı ilə sulayan Fələstin müsəlmanlarının torpaqlarıdır və qiyamətə qədər də belə qalacaq. Bu fikirləri hər yerdə demək və bunun üçün lazım olanı etmək bizim borcumuzdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə