Ermənistan parlamentinin Avropaya inteqrasiya komitəsi respublikanın Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Eyni zamanda müzakirədə iştirak edən “Hayastan” fraksiyasının deputatları səsvermədə iştirak etməyəcəklərini bəyan ediblər.
Fraksiya 11 deputatdan ibarətdir. Ermənistan parlamentində 107 deputat var. Milli Assambleya sədrinin mətbuat katibi Movses Arutyunyan qanun layihəsinin parlament iclasının gündəliyinə daxil ediləcəyini və fevralın 11-14-də keçiriləcək sessiyada baxılacağını bildirib.
Onun sözlərinə görə, respublikanın Avropa İttifaqı ilə əlaqələri son illər daha intensiv və dinamik xarakter alıb. O qeyd edib ki, respublika təşkilatdan dəstək alır, həmçinin mülki müşahidəçilər missiyaları yerləşdirir və ölkənin iqtisadi dayanıqlığına töhfə verməyə hazırdır.
Yanvarın 9-da Ermənistan hökuməti respublikanın Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Respublikanın baş naziri Nikol Paşinyan qeyd edib ki, ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı qərar ümumxalq səsverməsi yolu ilə qəbul edilməlidir.
O, dəfələrlə KTMT-ni Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi zamanı yardım göstərmədiyinə görə tənqid edib. 2024-cü ilin fevralında o, respublikanın “Moskvanın dominantlıq etdiyi” KTMT-də iştirakının dondurulduğunu elan edib. 2024-cü il martın 12-də Paşinyan bəyan edib ki, Ermənistan öhdəliklərini yerinə yetirməsə, təşkilatı tərk edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə