Nifrət və zorakılıq son söz olmamalıdır - Almaniya Prezidenti

“Qorxu, qəzəb və qeyri-müəyyənlik qarşısında sarsılmağımıza icazə verməməliyik. İnanırıq ki, nifrət və zorakılıq son söz olmamalıdır”. SİA xəbər verir ki, bu fikri Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer Maqdeburq şəhərində keçirilən anım mərasimində çıxışında deyib.

“Sülhsevər, tolerant və həmrəy cəmiyyətdə yaşamaq istədiyimiz üçün birlikdəyik – bu gün bu meydandan gələn mesaj budur. Parçalanmağımıza imkan verməyəcəyik. Ölkəmizə xas olan əsas məqam lazım gəldikdə birlik içərisində olmağımızdır. Bu gün görmək istədiyimiz budur”, - deyə dövlət başçısı vurğulayıb.

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı olan Maqdeburq şəhəri 1945-ci il yanvarın 16-da şiddətli bombardmana məruz qalıb. Nəticədə şəhərin böyük hissəsi yerlə-yeksan edilib. Hər il yanvarın 16-da bu hadisənin ildönümü ilə bağlı anım tədbiri keçirilir. Builki tədbirdə əsas diqqət dekabrın 20-də Milad yarmarkasına edilən hücum nəticəsində həlak olanların xatirəsinin anılmasına yönəlib.

Anım tədbirində iştirak edən dövlət başçısı faciə qurbanlarının ailə üzvləri, hücum zamanı xəsarət alan şəxslərlə görüşüb, hücum zamanı fədakarlıqlarına görə xilasedicilərə, könüllülərə, həkimlərə və din xadimlərinə təşəkkürünü bildirib.

Sonra Prezident Müqəddəs İohan kilsəsinin qarşısına əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib, xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı Taleb Al Abdulmohsen adlı şəxs dekabrın 20-də yüksək sürətlə idarə etdiyi BMW X3 markalı avtomobili şəhərdəki Milad yarmarkasında izdihamın üzərinə sürməsi nəticəsində həmin gün 5 nəfər, o cümlədən dörd qadın və bir uşaq həlak olmuş, 300-dən çox insan xəsarət almışdı. Xəsarət alanlardan biri hadisədən təxminən iki həftə sonra xəstəxanada dünyasını dəyişmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə