Suriyanın Hələb vilayətinin Nəkkarin kəndində devrilmiş lider Bəşər Əsəd rejimi tərəfindən öldürülmüş mülki şəxslərə aid olduğu ehtimal edilən cəsəd qalıqlarının olduğu kütləvi məzar aşkar edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 8 dekabr 2024 tarixində BAAS rejiminin devrilməsindən sonra Suriya ərazisində aparılan axtarış işlərində kütləvi məzarlar aşkar edilməyə davam edir. Mülki müdafiə qrupları və Hələb polis qüvvələri vilayətin Nəkkarin kəndində yeni bir kütləvi məzar tapıb. Tapılan kütləvi məzarda devrilmiş rejimin öldürdüyü mülki şəxslərə aid olduğu düşünülən cəsəd qalıqları aşkar edilib.
Suriyanın rəsmi xəbər agentliyi SANA 29 dekabr tarixində Homs vilayətinin Hola bölgəsi yaxınlığında da Əsəd rejiminin öldürdüyü və mülki şəxslərə aid olduğu güman edilən bir kütləvi məzarın tapıldığını bildirmişdi.
Qeyd edək ki, Suriyada hələ aşkar edilməmiş çox sayda kütləvi məzarın olduğu ehtimal edilir. Bu ərazilərdən çıxarılan cəsədlərin şəxsiyyətlərinin müəyyən edilməsi və itkin düşənlərin taleyinin aydınlaşdırılması hədəflənir.
Bütün xəbərlər Facebook səhifəmizdə