...Rusiya Qərblə müharibə vəziyyətindədir, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib və xəbərdarlıq edib ki, Ukraynada vəziyyətin daha da gərginləşəcəyi təqdirdə NATO hərbi bazaları zərbələrin hədəfinə çevrilə bilər. ...Ölkəmiz bütün Qərb dünyası ilə müharibə vəziyyətindədir. Ona görə də biz dövlət başçısının imzaladığı sənədlərdən çıxış edəcəyik. Burada isə qərarı, təbii ki, Ali Baş Komandan, yəni ölkə prezidenti verir.
SİA xəbər verir ki, bunu deyən Medvedevin sözlərinə görə, Qərb ölkələrinin münaqişədə birbaşa iştiraka keçməsi Qərbin raketlərinin Rusiya ərazisindəki hədəflərə hücumları ilə sübut olunur.
...Bu, hələ də döyüşlərin gedişatını və baş verənləri dəyişir, çünki bu, NATO blokunun – həm Vaşinqton, həm də bu alyansın digər üzvlərinin – əslində hibrid deyil, ölkəmizə qarşı tam hüquqlu müharibəyə cəlb olunduğunu göstərir.
Bunu da rusiyalı rəsmi qeyd edib.
...Konkret hərbi obyektlərə, hər hansı ştatdakı bazalara gəlincə isə hazırda münaqişə eskalasiya ssenarisi üzrə inkişaf edərsə, heç nəyi istisna etmək olmaz. Çünki NATO-ya üzv dövlətlər faktiki olaraq bu münaqişədə tam iştirak edirlər.
Qeyd edək ki, Medvedev bunu jurnalistlərin Rumıniya və Polşa ərazisində hərbi obyektlərə hücum ehtimalı ilə bağlı sualını cavablandırarkən deyib.
Yeri gəlmişkən, NATO rəhbərliyi münaqişədə birbaşa iştirakı ilə bağlı iddiaları dəfələrlə rədd edib və Ukraynaya silah və kəşfiyyatla yardım etdiyini, lakin qoşun göndərmədiyini vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə