Türkiyə Qəzzaya yardım əlini uzatmağa davam edir

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz Qəzzaya təxminən 2700 ton yardım materialının çatdırılacağını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Fatma Yılmaz sosial media hesabında etdiyi paylaşımında Qəzzaya yardım aparacaq daha bir gəminin Qızıl Aypara qrupları tərəfindən hazırlandığını qeyd edib.

Fatma Yılmaz bildirib ki, təxminən 2700 ton yardım materialının gəmiyə yüklənmə işləri davam edir. Gəmi Mersin limanından yola düşərək Misirə çatacaq. Daha sonra yardım materialları yük maşınları ilə Rəfah sərhəd-keçid məntəqəsindən Qəzzaya çatdırılacaq.

Qeyd edək ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına şiddətli hücumları nəticəsində əksəriyyəti uşaq olmaqla 30 mindən çox insan həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə