Yaponiya və Çin arasında razılıq əldə olunub

Yaponiya xarici işlər naziri Hayaşi Yoşimasa və Çinin xarici işlər naziri Çin Qanq arasında telefon danışığı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu, Çin Qanqın nazir olduqdan sonra yaponiyalı həmkarı ilə ilk təması kimi qeydə alınıb. 50 dəqiqə davam edən görüşdə Hayaşi həmkarına uğurlar arzulayıb.

İki ölkə arasında "bütün səviyyələrdə sıx əlaqə saxlamağa" razılıq verən nazirlər "konstruktiv və sabit münasibətlərin qurulması" üzərində işləmək öhdəliyi götürüblər.

Yaponiyalı nazir Pekin administrasiyasının Yaponiya ətrafında cəmləşən hərbi fəaliyyətlə bağlı narahatlığını dilə gətirib və Tayvan boğazında sülh və sabitliyin vacibliyini vurğulayıb.

Hayaşi isə 2011-ci ildə Fukusima nüvə sızmasından sonra Çin hökumətinin Yapon ərzaq məhsullarına idxal qadağasının tezliklə ləğv edilməsini tələb edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə