"Paraolimpiyaçılarımız gözlədiyimizdən də yüksək nəticə verdilər" - FEDERASİYANIN VİTSE-PREZİDENTİNDEN AÇIQLAMA

"Bizim paraolimpiyaçılarımız gözlədiyimizdən də yüksək səviyyədə nəticə verdilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli deyib.

Onun sözlərinə görə, paraolimpiyaçılarımız başda cənab Prezident, 1-ci vitse-prezidentimiz olmaqla bütün Azərbaycan xalqını sevindirdilər: "Cənab Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva da idmançılarımızın qazandığı uğurları öz sosial şəbəkələrindən etdiyi paylaşımlarla təbrik edib və idmançılarımıza öz dəstəklərini göstəriblər. Bununda nəticəsi olaraq hər zaman paraolimpiyaçılarımızın qazandığı uğurlardan biz görürük ki, qazilərimizə və idmançılarımıza başda cənab Prezidentimiz olmaqla bütün xalq olaraq çox böyük bir dəstək vardır. Bildiyiniz kimi bu il bizim üçün çox gözəl bir il keçdi. 44 günlük Vətən müharibəsindən sonra "Zəfər ili" elan edilməsi daha sonra paraolimpiyaçılarımızın uğurlu çıxışları ilə adlarını Azərbaycanın idman tarixinə yazdırması möhtəşəm oldu. Hətta mən onu da deyə bilərəm ki, Milli Paraolimpiyaçılarımızdan 2 idmançı yeni dünya rekorduna imza ataraq dünya idman tarixinə də öz adlarını yazdırdılar. Bu qazandığımız uğurlar onu göstərir ki, bizim əslimiz, kökümüz var, xalqımızın milli bərabərliyi bir-birinə dayaq olması var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də idmana, idmançılarımıza çox böyük qayğısı və dəstəyi var və bu dəstəyin nəticəsində bizim idmançılarımızın uğurlu nailiyyətləri var. Sonda mən bütün paraolimpiyaçılarımıza idman kariyeralarında uğurlar arzulayıram".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə