"Zəfər ilimizdə bu göstəricilərimiz məntiqidir" - İDARƏ RƏİSİ AÇIQLADI

"Bütün Azərbaycanı, başda cənab Prezident İlham Əliyev olmaqla bütün idman ictimaiyyətini, Gənclər və İdman Nazirliyini, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsini, Azərbaycan Milli Olimpiya və Milli Paraolimpiya Komitəsini, idman sevərləri, veteranları, xalqımızı paraolimpiyaçılarımızın qazandığı möhtəşəm 10 qızıl medala görə təbrik edirik". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov deyib.

Onun sözlərinə görə, birmənalı olaraq zəfər ilimizdə bu göstəricilərimiz məntiqidir: "Bilirsiniz ki, paraolimpiyaçılarımız sırasında həm atletika, həm cüdo, həm də güllə atıcılığında, taekvandoda, güclü idmançılarımız var. Onların təlim məşq toplanışlarında keçirilməsində, onların hazırlıq işlərində, məşqçi korpusumuzun, paraolimpiya komitəmizin böyük rolu var. Təlim-məşq toplanışlarının az keçirilməsinə baxmayaraq, eyni zamanda Covid ilinin çətinliklərinə baxmayaraq bu göstəricilər Azərbaycanın idman tarixində ən uğurlusudur. Biz bugünkü gün də görürük ki, həm ilk dəfə paraolimpiya oyunlarında iştirak edənlər sırasında nəticəsi olanlar var, eyni zamanda təcrübəli idmançılarında uğurlu nəticələri var.

İki qat sevindirici haldır ki, bu paraolimpiya yarışlarında həm gənc, həm də təcrübəli idmançılarımızın nəticələri oldu. İdmançılarımızın artıq bir qismi Vətənə qayıdıb və Vətənə qayıdarkən idmançılarımızın çoşqu ilə qarşılanması, ölkə Prezidentimizin, birinci vitse-prezidentimizin şəxsən idmançılarımızı təbrik etməsi, onların uğurlarının izlənməsi, bir daha ölkənin idman siyasətinə, eyni zamanda bu ilki zəfər ilimizdə xüsusən də idmanda qazandığımız uğurlara münasibətin bariz nümunəsidir. Xüsusən onu da vurğulamaq istəyirəm ki, paraolimpiyaçılarımızı yola salarkən, qazilərimizin hava limanında onlara döyüş bayrağını əmanət etməsi, paraolimpiyaçılarımızı biraz da ruhlandırdı. Onların uğurlu göstəricilərinə biraz da təkan verdi. Bu gün Azərbaycan medal əyyarlarına ilk onluğu tamamlayır. Əhali sayına, ərazisinə görə, bizdən çox-çox böyük dövlətləri qabaqlayırıq. Bu əlbəttəki bizim ölkəmizin böyük uğurudur. Sonda bütün paraolimpiyaçılarımıza uğurlar arzulayıram".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə