"Son dövrlərin ən zəif nəticəsinə imza atmışıq” - ƏMƏKDAR İDMAN USTASINDAN AÇIQLAMA

“Tokio-2020 Yay Olimpiya Oyunlarında Milli Komandımızın karate idman növündən qızıl medal gözləyirik”. Bu sözləri SİA-ya açıqlamasında Dünya Müasir Döyüş Növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti, Dünya və Avropa çempionu, Əməkdar İdman Ustası Arif Məmmədov deyib.

Onun sözlərinə görə, karatedə ən əsas da Rafael Ağayev və İrina Zaretskadan qızıl medal gözləyirik. “Amma Rafael Ağayevin qızıl medal qazanmasını daha çox gözləyirəm. Belə deyək, həm legioner deyil, həm də artıq 36 yaşı var. Onun qızıl medal qazanması haqqıdır. Bizdə bütün xalq olaraq Rafaelə ümidlərimiz çox böyükdür. Bildiyiniz kimi Rafael dünyada yeganə karateçidir ki, 5 qat Dünya Çempionudur. Mən fikirləşirəm ki, artıq Rafael Ağayevin son Olimpiyadası ola bilər.

Bildiyiniz kimi, 2024 cü il Fransada keçiriləcək Yay Olimpiya Oyunlarından karate idman növü çıxarılıb və Rafaelin də artıq 36 yaşı var və Ağayevin son Olimpiyadası olacaq. Amma onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Rafael Ağayev güclü bir idmançı olmasına baxmayaraq onun rəqibləri heç də zəif deyil. Onun 2 güclü rəqibləri var. Növbəti mərhələyə yüksəlmək üçün italyan karateçi ilə görüşü baş tuta bilər. Daha sonra yaponiyalı rəqibi ilə də 1/4 finalda və ya yarımfinalda qarşılaşa bilər. Bir daha idmançımıza uğurlar arzu edirəm və ümid edirəm ki, Ağayev ölkəmizə Olimpiya çempionu kimi qayıdacaq. Ümumilikdə Milli Komandamızın Olimpiyada da medal sıralamasına gəlsək görərik ki, statistika üzrə son dövrlərin ən zəif nəticəsinə imza atmışıq”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə