“28 May – Müstəqillik Günü” adlı sərgi olub

28 May – Azərbaycanın milli bayramı Müstəqillik Günüdür. SİA xəbər verir ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Milli Şurasının ilk sədri Məhəmməd Əmin Rəsulzadə olmuşdur.

Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin olunub, milli ordu yaradılıb, milli valyuta dövriyyəyə buraxılıb, milli bank təsis edilib. Demokratik dövlət olan yeni Cümhuriyyət beynəlxalq əlaqələr qurub və beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Uzun müddət, yəni sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdur. Hətta Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi qadağan edilmişdir. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa edildi.

Cümhuriyyətin adının özünə qaytarılması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.

Heydər Əliyev öz çıxışlarından birində qeyd edib: “Bu gün – bu bayram günü biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaq. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaq”.

Ulu Öndərin bu siyasətini hazırda Prezident İlham Əliyev davam etdirir. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

28 May – Müstəqillik Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlərhttp://anl.az/el/vsb/Cumhuriyyet/index.htmllinkindən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...