Ailədaxili münaqişələr uşaqlarda travmaya səbəb ola bilər - PSİXOLOQ ŞƏRH ETDİ

"Hər kəsin həyata, münasibətlərə individual baxışı mövcuddur. İnsanın həyata baxışı, xarakteri onların münasibətlərini, ailə dəyərlərini formalaşdırır. Bu dəyərləri qarşı tərəf cılızlaşdırdıqca, qiymətləndirilmədikcə onlar arasında münaqişə yaranır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bu konfliktdən ən çox zərər çəkən uşaqlardır: "Ümumiyyətlə, insan xarakterinin formalaşması ata-ananın bir-birinə və uşaqlara münasibətindən irəli gəlir. Valideynlərin bir-birinə olan münasibəti uşaqlara həm özünə qarşı, həm də ətrafına qarşı dəyər faktoru aşılayır. Valideynlərin uşağa olan münasibəti isə onun özgüvənini formalaşdırır".

Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, ailədaxili münaqişələrin uşaqlarda travmaya səbəb ola biləcəyi nəzərə alınmalıdır: "Bu travmalar ilk başlarda görünməyə bilər. Lakin sonrasında açıq-aşkar özünü büruzə verir. O zaman gec olur, çünki şəxsiyyət artıq formalaşmış olur. Ona görə də uşaq böyüdərkən çox həssas olmaq lazımdır. Övladı yalnız yemək, geyim, təhsillə təmin etmək kifayət etmir. Uşağın şəxsiyyətini düzgün formalaşdırmaq daha önəmlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə