Telefon xəyanət edən kişini necə ələ verir? - ARAŞDIRMA

Nikah birliyinin icrasında ən mühüm amil ər-arvadın bir-birlərinə sadiq qalmalarıdır. Qarşı tərəfin həyat yoldaşına qarşı zorakılıq göstərməsi, onu döyməsi, təhqir etməsi və başqa bir şəxslə yaşaması evliliyə zidd davranışlardır.

Baş verən hadisələr fonunda boşanmaya səbəb olan hadisələrdə hər iki tərəfin müəyyən qədər günahı olur. Lakin başqa şəxslə yaşayan, xəyanət edən tərəfin günahı daha ağırdır.

Sadiqlik öhdəliyi təkcə cinsi sədaqəti əhatə etmir, bura emosional və maddi sədaqət də daxildir.

Xəyanətlərin səbəbi kişilərə verilən imtiyazların nəticəsidir. “Sən kişisən”, “hər şey edə bilərsən” deyib kişi böyütməməliyik. Burada ilk öhdəlik oğul analarının üzərinə düşür.

Hər evlilik yaxşı başlayır. Xəyanət isə evliliklərin olmazsa olmazı halına gəlib. Bəzən bu o dərəcədə qabarıq olur ki, bəziləri açıq şəkildə edirlər.

Xəyanət cütlüklər arasında ən böyük problemlərdən biridir. Bu gün şəxsiyyətlərarası münasibətlərdə ən dağıdıcı və travmatik hadisə olan xəyanət həm kişilər, həm də qadınlar tərəfindən edilə bilər. Bəs kişilər niyə xəyanət edir? Problemin mənbəyi nədir?

Evliliklərin əsası olan güvən, zövq, sevgi və hörmət böyük əhəmiyyət kəsb edir. Sağlam bir əlaqə cinsi və emosional paylaşımı ehtiva etməlidir. Bəzən bu dinamikalar sağlam şəkildə təmin edilmədikdə partnyorlar arasında çox böyük problemlər yarana bilər. Belə bir vəziyyətdə qadın özünü qınamamalı, dəyərsiz olduğunu, sevilmədiyini düşünməməlidir.

Kişinin xəyanətinin səbəbi bəzi hallarda bir və ya bir neçə faktorla bağlı ola bilər. Nə olursa-olsun, belə bir vəziyyəti normallaşdırmaq olmaz.

Xəyanətə uğrayan fərdlər, yaşadıqları travmanın öhdəsindən gəlmək və gələcək münasibətlərində bu problemin təsirindən qaçmaq üçün mütəxəssisə müraciət etməlidirlər.

Xəyanətə uğrayan fərd özünü qeyri-adekvat, çirkin, yaşlı və dəyərsiz görə bilər. Özünə inamsızlıqla qarşı-qarşıya qalan kişi, eqosunu düzəltmək və özünə inamını bərpa etmək üçün fərqli qadına ehtiyac duya və qarşı cinsin diqqətini çəkməyə çalışa bilər. Kişilərin partnyorlarından daim onların tələblərinə cavab verməsi və daim anlayışlı olması kimi gözləntiləri var.

Günümüzdə bir çox kişilər var ki, iki telefon və ya iki nömrədən istifadə edirlər. Bəziləri bunu iş üçün, bəziləri isə digər məlum olmayan səbəblərdən bu yollara əl atır. SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq, ekspert və sosioloqların fikirlərini öyrənib.

Psixoloq Nərgiz Hüseynova: “Bura yalnız kişiləri aid etmək olmaz. Belə ki, kişilərlə yanaşı iki telefondan istifadə edən kifayət qədər qadınlar da var. Bu iş ilə evi, yəni iş həyatı ilə ailə həyatını ayırmaq üçün istifadə olunur. Digərləri isə evdən hər hansı bir məqamları gizlətmək üçün bu yola əl atır.

Psixoloji məqamlara gəldikdə isə ailədə olan qeyri-səmimilik, münasibətlərin pozulması və s. səbəblər ola bilər.

Dünya ölkələrində iş və şəxsi telefon fərqlidir. Azərbaycanda son zamanlar ailələr arasında ünsiyyət azlığına görə insanlar həmin xoşbəxtliyi öz ailələrində yox, digər şəxslərdə axtarır. Bu da bir-birini başa düşməməzlikdən, erkən nikahlardan irəli gəlir. Belə ki, onlar valideyn zoru ilə erkən yaşda evləndirilir və sonradan anlayır ki, bu onun istədiyi insan deyil. Bu məqamlar da 35-40 yaşda məlum olur. Bu da düzgün qərar verməmə, olqunlaşmama kimi hallardan baş verir”.

Psixoloq Aytən Ələkbərova: "Kişilərlə yanaşı xanımlar da iki telefon işlədir. Bunların əksəriyyətinin səbəbi də işlə bağlıdır. Burada birbaşa proyektiv eksperiment, yəni quruluş məqsədli təcrübə var.

Yəni, bu iki telefon məsələsi yalnız qaranlıq səbəblərdən qaynaqlanmır. Təbii ki, bu cür istifadə edənlər də var. Onlar bunu əsasən sevgi macəralarına görə edir. Çox insanlar var ki, iş və ailə üçün fərqli nömrələrdən istifadə edirlər ki, daha rahat olsunlar. Ailələri ilə daha rahat əlaqə qursunlar. Yəni işlə ailə biri-birinə qarışmasın".

Sosioloq Əhməd Qəşəmoğlu: "2-3 telefondan istifadə etmək məsələsi dünyanın hər yerində var. Bu qeyri-adi məsələ deyil. Əsas səbəb odur ki, bəzi insanlar yeni tipli telefonlardan istifadə etmək istəmir. Çünki bu telefonlarda şəxsi məlumatların yayılma riski çox yüksəkdir və bu telefonlara kənardan müdaxilə də olur.

Bu insanın iş yerindən də asılı ola bilər. Məsələn, ona gələn zəng birbaşa xidməti zəng ola bilər. Yəni, bu sırf iş üçün ola telefondur.

Bəziləri isə evdən gizli işlərini gizlətmək üçün bu telefonlardan istifadə edir. Variantlar müxtəlifdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə