Erkən yaşda hamilə qalanlara vətəndaşlar necə baxır? - SORĞU

Dünyada azyaşlı qızların ailə həyatı qurması halları çoxalıb. Təəssüf ki, bu kimi hallara Azərbaycanda da rast gəlinir. Ötən günlərdə Azərbaycan bölgələrindən birində 16 yaşlı qızın əkiz uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayılıb. Bəs görək şəhər sakinləri qızların erkən yaşda uşaq dünyaya gətirməsi barədə nə düşünür. SİA mövzu ilə bağlı sorğu keçirib.

Şəhər sakini Təbibə Həsənova: "Nəyə görə axı azyaşlı qız ailə həyatı qurmalıdır? Valideynlərə məsləhət görərdim ki, qızlarının uşaqlığını, gəncliyini məhv etməsinlər. Özlərinin uşaqlıq yaşamalı vaxtda qızların uşaq dünyaya gətirməsi böyük bədbəxtçilikdir".

Şəhər sakini Mikayıl Cövdətov: "Doğrusu, belə halları yadırğamıram. Çünki qədim zamanlardan qadınlar uşaq yaşlarından ailə həyatı qurub, uşaq dünyaya gətiriblər. Əvvəllər qadınlar 12-14 yaşında ailə saxlamağı bacarırdılar. Lakin indi qızlarımızda o bacarıq yoxdur".

Şəhər sakini Arifə Zülfüqarova: "Qız və ya oğlan fərqi yoxdur, azyaşlı uşaqların ailə həyatı qurması düzgün deyil. Nə oğlan ailə saxlaya bilər, nə də qız ev, ailə idarə edə bilər. 16 yaşında uşaq ailə dəyərlərini başa düşə bilməz. Belə şeylər bizim mentalitetimizə də uyğun deyil".

Şəhər sakini Rəşad Ələsgərov: "Valideynlər uşaqlarını düzgün tərbiyə etməlidir. Uşaqlarımız üçün ən vacib olan şey təhsildir. Savadlı qadın, savadlı cəmiyyət deməkdir. Eyni zamanda, valideynlər uşaqlarının sağlamlığını da düşünməlidir. Az yaşda uşaq dünyaya gətirmək onların sağlamlığı üçün də təhlükəlidir".

Şəhər sakini Gülnarə Vəlixanlı: "Əlbəttə ki, birinci növbədə qız uşaqlarını oxutmaq lazımdır. Onlara öz ayaqları üstündə durmağı aşılamalıyıq. Erkən yaşda ailə həyatı qurmaq övladlarımızın xilası demək deyil. Təəssüf ki, rayonlarda bu kimi hallara daha çox rast gəlirik".

Şəhər sakini Ramin Əsədov: "Mənim fikrimcə uşaqların erkən yaşda ailə həyatı qurmağı, üstəlik uşaq dünyaya gətirməyi düzgün deyil. Nəinki azyaşlı, hətta yetkinlik yaşına çatmağına baxmayaraq ailə saxlamağı, uşağa baxmağı, uşaq tərbiyə etməyi bacarmayan insanlar var. Valideynlər kiçik yaşda uşaqlarına belə böyük məsuliyyət yükləməməlidirlər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə