İşçilərin təhlükəsizliyinə kim cavabdehdir? - HÜQUQŞÜNAS AÇIQLADI
"Əməyin mühafizəsi üzrə işçilərin də vəzifələri vardır. Belə ki, onlar əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənməli və onlara əməl etməli, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı bir şəkildə yerinə yetirməli, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, işçilərin sağlamlığının qorunması, əməkdaşların qayğısına qalınması artıq zamanın tələbidir: "Sirr deyil ki, bəzi işəgötürənlər sahibkarlığı ağalıq etmək kimi başa düşərək, öz obyektlərində çalışanların əməyinə qul əməyi kimi baxır, işçilərin əmək hüquqları ilə hesablaşmır, əməkdaşların təhlükəsizliyinin, sağlamlığının qorunmasının təmin edilməsi barədə ümumiyyətlə düşünmürlər.
Əmək Məcəlləsinə görə, sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi aşağıdakılardır:
1. İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir.
2. İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir.
3. İşəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində nəzərdə tutulur.
4. Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara uyğun olaraq müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilir.
5. İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiya aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilir. İşəgötürən iş yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir.
6. İşəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir.
7. İşəgötürən qanunvericilikdə nəzərdə tutulmuş istehsalat sahələrini qazlı və duzlu su ilə təchiz etməlidir.
8. İşəgötürən ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlamalıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB