Atalıq məzuniyyəti ölkəmizdə tətbiq ediləcəkmi? -SORĞU

Son günlər atalıq məzuniyyəti ilə bağlı müzakirələr gündəmdən düşmür. Analar kimi atalara da məzuniyyətin verilməsi gözlənilir. Övlad üçün hər iki valideynin qayğısı, nəvazişi önəmlidir. Həmçinin yeni doğulmuş körpənin həm anaya, həm də ataya ehtiyacı var. Atalıq məzuniyyəti bəzi ölkələrdə tətbiq edilsə də, Azərbaycanda bu məsələ hələ də öz həllini tapmayıb. Hətta bəzi ölkələrdə atalıq məzuniyyəti məcburidir. Bəs görəsən şəhər sakinləri atalıq məzuniyyəti ilə bağlı nə fikirləşirlər. SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Vaqif Ənvəroğlu: "Düşünürəm ki, ölkədə bu qərar tətbiq edilsə yaxşıdı. Çünki kişilərin də istirahətə ehtiyacı var. Digər tərəfdən də, körpə uşağı saxlamaq asan iş deyil. Gərək həyat yoldaşına kömək etsin. Həm də körpə uşağa diqqət göstərmək lazımdır".

Şəhər sakini Xıdır Zöhraboğlu: "Məncə, atalıq məzuniyyəti bizim ölkədə də tədbiq edilməlidir. Bir çox ölkələrdə bu var, amma Azərbaycanda hələ də yoxdur. Düşünürəm ki, atalar övladları ilə çox vaxt keçirməlidirlər və körpə uşaqlar daha çox qulluq tələb edirlər. Yəni mənim münasibətim müsbətdir. Tədbiq edilsə, əla olar".

Şəhər sakini Ayxan Rəsulov: "Mənə elə gəlir ki, uşaqlar anaları ilə çox vaxt keçirirlər. Bu, normal haldır. Ancaq ataları ilə nisbətən az vaxt keçirirlər. Uşaqlar ataları ilə vaxt keçirməlidirlər. Ona görə düşünürəm ki, atalıq məzuniyyəti verilməlidir. Bu qayda tətbiq edilsə, yaxşı olar".

Şəhər sakini Təhminə Qasımova: "Məncə, verilməməlidir. Kişi pul qazanıb ailəsini saxlamalıdır. Uşağın, həyat yoldaşının ehtiyaclarını təmin etməlidir".

Şəhər sakini Vəli Abbasov: "Qadının hamiləlik dövrü olduqca çətin ola bilər. Kişi qadına dəstək üçün onun yanında olmalıdır. Uşaq dünyaya gəldikdən sonra atanın da, ananın da sevgisinə ehtiyac duyur. Ona görə də, məncə, atalıq məzuniyyəti bizim ölkədə də tətbiq edilməlidir".

Şəhər sakini Səkinə Alıyeva: " Ümumiyyətlə, övlada baxmaq hər bir valideynin borcudur. Bu, o demək deyil ki, uşaq dünyaya gəldikdən sonra ata gedib işləsin. Gərək ata da övladına diqqət göstərsin. Uşaqlıqdan onunla maraqlansın. Ona görə də atalara da məzuniyyət verilməlidir. Bəzi ölkələrdə bu qaydalar var.

Şəhər sakini Rəhim Musayev: "Körpə uşağın ehtiyacları həddindən artıq çox olur. Atalar fikirləşirlər ki, həm ev, həm yemək, həm də uşaq xərclərini qarşılamalıdırlar. Ona görə də işləyirlər, istirahətdən boyun qaçırırlar. Amma başqa ölkələrdə atalar da məzuniyyətə çıxırlar. Həm də iş yerlərindən məcburi olaraq məzuniyyətə göndərirlər. Düşünürəm ki, bizdə də olsa, yaxşı olar".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə