Dövlət jurnalistlərin ictimai nəzarət funksiyasını yerinə yetirməsində maraqlıdır - MŞ-NIN SƏDR MÜAVİNİ AÇIQLADI

"Jurnalistikanın ümumilikdə nəzəriyyəsində, jurnalistikanın fəaliyyət istiqamətində iki mühüm cəhət qeyd olunur. Bunlardan birincisi cəmiyyəti onun marağında olan faydalı informasiyalarla təmin etməkdir. Bu jurnalistikanın birinci missiyasıdır". Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, jurnalistikanın ikinci missiyası isə dövlət və hakimiyyət qurumları üzərində ictimai nəzarət funksiyasını həyata keçirməkdir: "Yəni, ictimai nəzarət funksiyası zatən jurnalistikanın əsas missiyasından biridir. Azərbaycanda jurnalistlərin bu funksiyanı yerinə yetirməsi üçün çox mühüm addımlar atılır".

Müşfiq Ələsgərli sözlərinə belə davam edib: "Cənab Prezident öz dilindən səsləndirib ki, "Mən jurnalistlərə etibar edirəm və onların informasiyalarına güvənirəm". Bu jurnalistlərə siyasi dəstəkdir və onların yazdıqlarına görə dövlət tərəfindən dəstəkləndiklərini göstərir".

İkinci mühüm məsələ bundan ibarətdir ki, Azərbaycanda jurnalistikanın inkişafı üçün dövlət çox mühüm addımlar atıb. Yəni, cənab Prezident ölkədə çoxsaylı proqramlar qəbul edir ki, bu da jurnalistikanın inkişafına töhfədir. Yəni, jurnalistikanın inkişafına töhfə verməklə həm də Azərbaycanda ictimai nəzarət funksiyasının həyata keçirilməsinə töhfə vermiş olur. Bu fikirləri cənab Prezidentin bir neçə dəfə vurğulaması o deməkdir ki, Azərbaycan dövləti jurnalistlərin ictimai nəzarət funksiyasını yerinə yetirməsində maraqlıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə