Bizim jurnalistlər də yazır, nazirlik də buna nəzarət edir - SOSİOLOQ TƏNQİD ETDİ

"Cəmiyyət 15-20 il bundan qabağa nisbətən öz xarakterini dəyişib və xeyli mürəkkəbləşib. Amma çox təəssüf ki, biz bilirik ki, uzun illərdir məktəb direktoru vəzifəsinə keçmək yəni, arzuolunan prinsiplər əsasında olmur. Burada korrupsiya elementləri, tanışbazlıq, rüşvət, kiminsə qohumu olmaq bunlar mühüm rol oynayır və nəticədə əslində məktəb direktorlarının bir çoxu bu vəzifəyə layiq olmayan adamlardır. Onlarda da pedaqoji münasibətlərdən daha çox özlərinin daxili aləminə, həyat tərzinə uyğun davranışı biz tez-tez müşahidə edirik". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, uşaqları döymək adət-ənənəsinə gəlincə Azərbaycanda bu adət olub: "Mən özüm orta məktəbdə oxuyanda müəllimlər uşaqları döyürdü. Ondan qabaq lap elə 100 ildən artıq hələ Azərbaycan müstəqillik qazanmamışdan əvvəl, sovet hakimiyyəti olmazdan əvvəl molla məktəblərində də uşaqların ayaqlarını çubuqla döyürdülər. Bu qəbul olunmuş bir hal idi ki, dərsi bilməyən uşağı müəllim vururdu. Amma indi cəmiyyət mürəkkəbləşib, münasibətlər dəyişib. İndi uzun müddətdir tələb olunur ki, şagirdlərlə fiziki güc tətbiq etməklə danışmaq olmaz. Buna artıq nəzarət edilir, bizim jurnalistlər də yazır, nazirlik də buna nəzarət edir".

Əhməd Qəşəmoğlu sözlərinə belə davam edib: "Bəzi ölkələr var ki, uşaqlara cəza vermək normal sayılır. Məsələn, Cənubi Koreyada normal sayılır. Amma bu cəza elə olmalıdır ki, o uşağa fiziki ağrı verməsin, xəsarət yetirməsin, mənəvi tərəfdən ona zərbə olmasın. Yəni, cəza da pedaqoji bir tələblərə uyğun cəzalardır. Amma deyək ki, məsələn Finlandiyada şagirdlərə münasibət daha mülayimdir. Orda da pedaqogikanın o qayda-qanunundan dərindən istifadə etmək var. Bəzi ölkələrdə o cəza tədbiri nəzərdə tutulur, amma şagirdin şəxsiyyətinə, fiziki sağlamlığına, mənəvi sağlamlığına ziyan verməyən cəza. Bəzi ölkələrdə isə ümumiyyətlə cəza vermək çox ciddi nöqsan sayılır. Ölkəmizdə artıq uzun müddətdir ki, bu cəza ciddi nəzarət altında olduğuna görə müəllimlər bunu nəzərə almalıdır, yüksək pedaqoji metodlarla müəyyən tələbkarlığı artırmalıdır. Burada fiziki və cəzadan söhbət gedə bilməz".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə