"SƏS" qəzeti kifayət qədər şərəfli bir yol, əqidə məktəbi qət edib - BAŞ REDAKTOR ŞƏRH ETDİ
""SƏS" qəzeti müstəqil Azərbaycanın elan olunduğu gərgin tarixi-siyasi hadisələrlə bağlı və bu proseslərin yaşıdı olan bir qəzetdi". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qəzetin 31-ci ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib.
Baş redaktorun sözlərinə görə, "SƏS" qəzetinin bizim həm siyasi, həm müstəqillik, həm də mətbuat tariximizdə böyük yeri var: "Çünki Azərbaycanın müstəqilliyinin elan olunmasından sonra ilk milli siyasi mətbuat orqanlarının yaranması olduqca ağrılı bir proses olsa da, "SƏS" qəzeti bu ağrılı prosesin içərisində özünə orjinal və cəmiyyət tərəfindən tanınaraq dəstəklənən bir mətbu siyasi kurs yaradaraq, cəmiyyətimizə özünü qəbul etdirə bilən bir orqan kimi yarandı".
Aydın Quliyev sözlərinə belə davam edib: ""SƏS" qəzetinin o zamankı səhifələrinin nümunələrini vərəqləmək kifayətdir ki, bir ölkənin o dövründə daxilimizdə və xaricimizdə gedən gərgin siyasi proseslərlə bağlı yetəri qədər məlumat əldə edə bilək və bir daha görək ki, Azərbaycan xalqı, cəmiyyətimiz həmin illərdə, həmin dövrdə hansı gərginlik və hansı problemlərin içində yaşayırdı. Bu mənada, "SƏS" qəzeti həqiqətən tarix yazan bir qəzet olub".
"Aydın məsələdir ki, "SƏS" qəzetinin yarandığı ilk dövrlərdən xüsusilə də 90-cı illərdə bizim mübariz siyasi mətbuat tariximizə gətirdiyi üslub olduqca maraqlıdır. Çünki, bu üslub həm siyasətlə, həm bədii-publisistik yaradıcılıqla, həm ictimai mənafelərlə, həm də dövlət mənafeləri ilə səsləşir. Bu mənada "SƏS" qəzetinin həqiqətən tariximizdə özünəməxsus yeri var".
"SƏS" qəzeti ölkədə çap medianın perspektivli nümunələrindən biridir. Baxmayaraq ki, bəziləri ümumiyyətlə çap medianın dövrünün bitdiyi barədə tələsik bir qənaətə gəlirlər, ancaq "SƏS" qəzeti özünü yaşatmaq gücündə olan, daxili potensiala malik, şəraitə uyğun yeni formalar taparaq fəaliyyətini davam etdirmək və bir çap mediası nümunəsi olaraq özünü saxlamaq və yaşatmaq gücünə malikdir. Təkcə onu deyim ki, son illərdə çap media olmaqdan çıxaraq və həm də bu statusunu saxlayaraq əlavə onlayn media subyektlərini də yarada bilən tək-tək qəzet nümunələrindən biridir. Faktdır ki, yalnız bir qəzet kimi fəaliyyətə başlayan "SƏS" sonradan həm onlayn yenilənən saytdan, həm də canlı efirlərə çıxan televiziyadan ibarət media holdinqə çevrildi. Bunlar əlbəttə, "SƏS" qəzetinin özünü inkişaf etdirmək və özünü daim yenilənən şəraitə uyğunlaşdırmaq baxımından böyük daxili yaradıcılıq və təşəbbüskarlıq potensialından xəbər verir. Hansı ki, istənilən bir media orqanının daha uzunmüddətli yaşaması üçün onun daxili yaradıcılıq və daxili təşəbbüskarlıq potensialının nə qədər böyük olmasının önəmli rolu var. Bu mənada narahat olmağa dəyməz ki, "SƏS" qəzetinin həm bir çap media olaraq, həm də media qrupu olaraq perspektivi, gələcəyi var və bu gələcəyi isə mən müxtəlif istiqamətlərdə və formalarda görürəm. Əvvəla, "SƏS" ölkənin siyasi və dövlət həyatında öz varlığını və mövqeyini daim qoruyub saxlamağa çalışacaq. İkincisi isə bu potensial ona hər yenilənən dövrdə özünü saxlamaq, gücləndirmək və inkişaf etdirmək üçün yeni-yeni fəaliyyət formaları tapmaqda kömək olacaq".
"SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev başda bütün kollektivə uğurlar arzulayıram və təbrik edirəm. Eyni zamanda "SƏS" qəzetinin tarixində ad qoymuş bütün uğurlu hesab olunan baş redaktorları və yazarları da təbrik edirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB