“Moyka”lar niyə içməli sudan istifadə edir? - MÜTƏXƏSSİS İTTİHAM ETDİ

“Moykalarda su istifadəsi hədsiz dərəcədə çoxdur və israfçılığa da çox yol verilir. Bunun qarşısı alınmalıdır. Tullantı sulardan istifadə etsələr daha məqsədəuyğun olar. Amma bu o demək də deyil ki təkcə moykalarda suya israfçılıq olunur”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, bu haqda siqnal verilib: “Demişdik ki, 2030-cu ildə artıq qiyamət saatı tənzimlənib. Bu dünya alimləri tərəfindən araşdırılıb. 2030-cu ildə böyük bir su qıtlığı olacaq. Hətta su üstündə müharibələr də ola bilər. Bu gedişlə belə halların baş verməsi qaçılmazdır. Bunun da başlıca səbəbi dünyada baş verən qlobal istilikdir. Yəni, iqlim dəyişikliyidir. İqlim dəyişikliyi nəticəsində bildiyimiz kimi artıq dənizimiz də geri çəkilib. Xəzər dənizi də quruyur”.

Ağa Salamov sözlərinə belə davam edib: “Müəyyən regionlarımızda da çayların quruması baş verir. Bu da təbii ki, iqlim dəyişikliyi ilə əlaqədardır. Amma bunun bir səbəbi iqlim dəyişikliyidirsə, digər səbəbi də meqapolis həyatın günahıdır. Yəni, meqapolis şəhərlərin çoxalmasıdır. Məsələn, indi heç kim gedib regionda kartof əkmək istəmir. İnsanlar torpağa can verib, torpaqdan can almaq istəmirlər. Hamı şəhərə qaçır, hamı şəhərli olmaq arzusundadır və hamı VİP həyat istəyir. Məsələn, mən indi kulinariya sahəsində ərazi üzrə koordinatoram. Regionda çalışıram. Çox da xoşbəxtəm ki, sakit və təmiz bir bölgədəyəm. Qulağım dinc, ekologiya təmiz, tər-təmiz işləyirəm. Regionda hava təmizdir və əkib becərsinlər. İnsanın ki ayağı torpaqdan üzüldü, o zaman qiyamətin sonudur”.

“Meqapolis həyatı ona görə qınayıram ki, bu tipli həyatda dağlar yoxdur, hava təmiz deyil, sıxlıqdır, əsəbdir. Çoxluq olan yerdə də insanlar suya təbii ki, olmazın israfçılıq edəcəklər. Meqapolis həyatda istehlak olunan suyun miqdarı kənd yerindəkindən qat-qat üstündür. Bu həyatda insanlar hər gün suyu həddindən artıq istifadə edirlər”.

“Moykalar ona görə israfçılığa daha çox yol açır ki, bütün insanlar Bakıdadır. 10 milyon insanın 6-8 milyonu Bakıdadır. Onların hamısının da, təxmini 5 milyonunun maşını var. Bu 5 milyon maşın da yuyulur. Bu halda içməli suya necə israfçılıq olmasın?!”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə