Saxta məlumat yayanlara qarşı mübarizə NECƏ TƏŞKİL OLUNMALIDIR? - SƏDR MÜAVİNİ İZAH ETDİ

“Sosial şəbəkələr artıq 20 ilə yaxın müddətdir ki, gündəmdədir və formalaşdırırlar. Azərbaycanda da sosial şəbəkələrin çox böyük istifadəçi auditoriyası var. Onların sayı artıq 3 milyon nəfər civarındadır”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib.

“Bu keçən müddət imkan verib ki, insanlar sosial şəbəkələrdən hansı məqsədlərlə istifadə etdiyini bilsinlər. Eyni zamanda, hansı informasiyaların yayılmasına qanunlarla məhdudiyyət qoyulduğu barədə məlumatlı olsunlar. Bu barədə qanunvericiliyimizdə kifayət qədər müddəalar mövcuddur. Eyni zamanda, mövzu üzrə Azərbaycanda kifayət qədər maarifləndirmə işləri aparılıb. Yəni, yaxın 20 il müddətində aparılan maarifləndirmə işi, qanunvericilik haqqında bilgiləndirmə imkan verir ki, sosial şəbəkə istifadəçiləri hansı informasiyaları yaymaq olar, hansılara ehtiyatlı yanaşmaq lazımdır barəsində bilgili olsunlar”.

Müşfiq Ələsgərli sözlərinə belə davam edib: “Eyni zamanda, Azərbaycan müharibə şəraitində olduğu üçün çox intensiv şəkildə baş verən hadisələr zamanı atəşkəs pozulmaları, kiçik müharibələr halında Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən DİN, Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi tez-tez müraciətlər edirlər və əhaliyə hansı formalı informasiyaların yayılmasına məhdudiyyət qoymaları barədə məlumat verirlər. Bu qədər tədbirlərdən sonra yenə də kimlərsə sosial şəbəkələrdən çərçivəsiz şəkildə istifadə edirsə, qanunla yasaqlanmış informasiyaları yayırsa, əhalidə təşviş və narahatlıq doğurursa artıq məsuliyyət həmin informasiya yayıcısının öz üzərinə düşür”.

“Son olaraq, Kəlbəcər və Laçın rayonları ərazisində baş verən insidentlər zamanı yanlış informasiya yayan şəxsələrə yanaşma da bu qəbildən olmalıdır. Onlar artıq hansı dövrdə yaşadığını, sosial şəbəkələrdə hansı tipli informasiyaların yaymağın mümkün olması barədə bilgili olmalıdır. Əgər bu qaydalara məhəl qoymurlarsa bu artıq şübhə yaradır ki, onlar bu işi bilərək həyata keçirirlər və xüsusi məqsədə xidmət edirlər. Aidiyyatı qurumların bu barədə müəyyən ölçülər götürməsi tam qanunvericiliyə uyğundur”.

“Biz, düşünürük ki, bu cür priventiv addımlar həm Azərbaycanın təhlükəsizliyi üçün vacibdir, həm də insanlara bu sahədə bilgili olmalarının vacibliyini bir daha xatırlatmış olur. Hesab edirik ki, hüquq-mühafizə orqanları ədalətli araşdırmalar aparacaqlar. Əgər baş vermiş xətalar təsadüfdən və bilgisizlikdən yaranıbsa o zaman onlara humanist münasibət göstəriləcək. Azərbaycan hər birimizin vətənidir. Onun təhlükəsizliyinin qayğısına qalmaq bizim vətəndaş məsuliyyətimizdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...