Hansı çaylar baş ağrısını aradan qaldırır? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

"Ümumiyyətlə, baş ağrısı bir neçə səbəbdən ola bilər. Bunu, əsasən, "dərmansız necə aradan qaldırmaq olar?" sualı isə maraq doğurur. Çaylara keçməmişdən əvvəl ilk olaraq onu bildirmək istəyirəm ki, mütləq şəkildə gün ərzində 7-8 saat sağlam yuxu yatılmalıdır ki, bu halda baş ağrısı olmur". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, daha sonra mütləq hər gün açıq havada ən azı bir neçə saat vaxt keçirmək lazımdır: "Bu, təbii ki, insanlara, işinə, iqlimə görə dəyişə bilər. Amma mütləq şəkildə açıq havada olmağı təmin etmək lazımdır. Bir çox hallarda da insanlar uzun müddət oturaq və yaxud da hərəkətsiz vəziyyətdə olur. Bu da qan dövranının zəifləməsinə gətirib çıxarır ki, nəticədə baş ağrısı verir".

Məhsəti Hüseynova sözlərinə belə davam edib: "Yaxşı olar ki, mütləq gün ərzində fiziki hərəkətliliyi də təmin etsinlər və ən önəmli məsələlərdən biri mütləq gün ərzində hər orqanizmin ehtiyacı olan su miqdarını təmin etməlidirlər ki, bu da mütləq hər kiloqram bədən çəkisinə görə 0.30 ml hesab olunur və fəsilə görə yay aylarında daha da çox ola bilər və yaxud idman digər fiziki işlə çalışır tərləməyə məruz qalırsa, bu miqdarı biraz artıra bilər".

"Bundan başqa əsas məqamlardan biri deyərdim ki, faiz hesabı ilə götürsək 90 faiz nəfəs almağı unudur. Nə qədər gülməli səslənsə də bu, belədir. Çox insanlar düzgün, ritmik nəfəs almır ki, bu da beyində oksigen çatışmazlığına gətirib çıxarır. Ona görə baş ağrıları verir və hal-hazırda da görürsünüz ki, nəfəs meditasiyaları falan keçirlər ki, bunlar da həmən o insanın bədənin, orqanizmin yüngülləşməsi, düzgün nəfəs alması, bədəni oksigenlə təmin edib karbonun xaric olmasını təmin etməkdir. Mütləq düzgün nəfəs almanı unutmamaq lazımdır".

"İndi keçək əsas məsələyə. Birinci növbədə onu demək istəyirəm ki, bitki çaylarının hər birinin müalicəvi xüsusiyyətləri olduğu üçün yaxşı olar ki, hər bir insan hansı bitkiyə qarşı allergiyası var və yaxud xəstəliyi var onu bilsin ki, ona əks təsir edəcək bitkilərdən istifadə etməsin. Ancaq baş ağrısına yaxşı gələn çaylardan zəncəfil çayını, cökə çayını, çobanyastığını, lavandanı və yaşıl çayı misal göstərə bilərəm. Yaxşı olar ki, baş ağrısı üçün içəcəyiksə, tək halda dəmləmək lazımdır, 15-20 dəqiqə dəm aldıqdan sonra təzə-təzə içmək lazımdır. Uzun müddət qaldıqdan sonra, o çayın faydalı xüsusiyyətləri itir və artıq tərkibindəki başqa maddələr də var ki, onlar da qaldıqca toksik təsir göstərə bilər. Mütləq şəkildə baş ağrısı üçün və yaxud faydalı xüsusiyyətindən yararlanmaq istəyiriksə, çaylardan təzə-təzə istifadə etməliyik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə