Məktəblər koronavirusa görə bağlanmalıdır? - CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Çində başlayan bir növ koronavirus olan SARS-CoV-2 səbəbi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal epidemiya elan edilib. Koronavirus başqa adı ilə də tanınan Covid-19, dünyanın bir çox bölgəsinə təsir edərək dəyişikliklərə səbəb olub və təsirləri hələ də davam edir. Pandemiya prosesi təhsildə də bir sıra problemlərə səbəb olub. Son günlərdə təhsil olacaqlarında yoluxma hallarının sayının artması valideynlərdə təşviş yaradıb. Bəs görəsən insanların bu mövzuda düşüncələri nələrdir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Gülnaz Kərimova: “Bəzi valideynlər övladlarını təhsildən geri qalmasın deyə məcburi olaraq məktəbə göndərirlər. Lakin, bu da özlüyündə qorxulu bir haldır. Son zamanlarda görürük ki, ölüm hallarında uşaqların da sayı az deyil. Ona görə də, ən azından valideynlər övladlarına xəstəliklərdən qorunmağın yollarını mütləq şəkildə öyrətməlidirlər”.

Şəhər sakini Ramil Həşimov: “Məncə buna səbəb yoxlamanın zəif olmasıdı. Bəzi məktəblərdə buna dırnaqarası yanaşırlar. Məhz bu səbəbdən də uşaqların həyatı təhlükə altında qalır. Məncə, yoxlamanın gücləndirilməsi, eləcə də uşaqların məkdəbə girən zaman əllərinin dezinfeksiya edilməsi şərtdi. Əgər bunlar olmasa, sinif otaqlarında maska qanununa əməl etməsələr təbii ki, yoluxma sayı artacaq və məktəblər, universitetlər bağlanacaq”.

Şəhər sakini Aytək Nurməmmədova: “Mənim 4 yaşında övladım var. Onda nasazlıq hiss edən kimi avtomatik olaraq bağçaya getməsini dayandırıram. Həm orada olan uşaqlara görə, həm də özünün sağalmasına görə belə bir tədbir görürəm. Hər bir valideyn bu məsələyə ciddi yanaşmalıdır ki, gələcəyimiz təhlükə altında olmasın”.

Şəhər sakini Fariz Hüseynov: “Bəli, mənim bir övladım səhhətinə görə evdə qalsa da digəri məktəbə gedir. Balaca övladım qrip olduğuna görə narahatdı. Təbii ki, mən bir neçə dostumu itirdim, bu mənə ağır oldu. Məktəblərin açılması ilə mənə görə yaxşı bir haldı. Lakin, azyaşlılara vaksinin vurulmasının tərəfdarı deyiləm və bunu düzgün hesab etmirəm”.

Şəhər sakini Əzizə Quliyeva: “Bəli, mənim övladlarım böyükdü, amma onlar universitetə gedirlər. Hər şey insanın beynində yaranır və bu psixologiyadan asılıdı. Buna görə də, gərək insanlar qorxmasın, sadəcə bəzi tədbirləri görsünlər. Ondan sonra övladlarımızın istər məktəbə, istər bağçaya getməsində bir problem yaranmaz”.

Şəhər sakini Renat Qarayev: “Düşünürəm ki, evdəki valideynlər vaksin olunmalıdırlar, çünki, daha çox onlar insanlarla münasibətdə, təmasda olurlar. Təbii ki, valideynlər vaksin olunduqdan sonra evdəki övladlara da bunun böyük təsiri olacaq. Həmçinin, övladlarımıza da şəxsi gigiyenaya əməl etməli olduğumuzu öyrətməliyik ki, onlar da özlərini bu virusdan qoruya bilsinlər”.

Şəhər sakini Şəfiqə Rzayeva: “Xeyr, mən nəvəmi məktəbə getməyə qoymuram, onun autizmi var və bu da onun üçün böyük təhlükədi. Onun üçün ən yaxşısı onlayn sistemdir. Təbii ki, uşaqdı və daimi təmiz hava almalıdır, evə qapanmasına düzgün baxmıram. Həm də yoluxma halları çoxaldığına görə qorxuram, buna görə də cəmiyyətlə çox münasibətdə olmasına razı deyiləm”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə