Pandemiya bizlərə nəyi verdi və nələri aldı? - CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Hər kəs koronavirus xəstəliyi haqqında danışır və baxdığınız hər yerdə virus və ondan özünüzü necə qorumaq haqqında məlumat dərc olunur. Faktları bilmək özünüzü və sevdiklərinizi düzgün hazırlamaq və qorumaq üçün əsasdır. Təəssüf ki, çox sayda yanlış məlumatlar da var. Sağlamlıq böhranı zamanı dezinformasiya insanları bu xəstəliyə müdafiəsiz və həssas edir, həmçinin qorxu və təşviş yayır. Demək olar ki, 2 ildir pandemiya bizim həyatımızdadır və bununla mübarizə hələ də davam edir. Görəsən pandemiya insanlara nəyi öyrədib və onlardan nəyi alıb? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Xanım Bayramova: “Təbii ki, biz bu pandemiya şəraitində insanlardan və cəmiyyətdən təcrid olunduq. Bu da istər-istəməz psixoloji olaraq hər kəsə təsir etdi. İnsanlar bir-birini görə bilmirdi, bir məkanda oturub istirahət edə bilmirdi. Bu da pandemiyanın mənfi tərəfidir, müsbət tərəfi isə şəxsi gigiyenanı öyrətdi və natəmizliyin nələrə yol açacağını göstərdi”.

Şəhər sakini Aydın Kərimov: “Doğrudur ki, bu xəstəlik bir çox insanların yaşam tərzini pozdu. Bu da özlüyündə ciddi problemlərə səbəb oldu. Bunun yaxşı tərəfinin olduğunu düşünmürəm. Lakin insanların ciddi dərəcədə zərər aldığı məlumdur. Neçə-neçə insan bu xəstəliyə yoluxub həyatını itirir və indi də itirməkdə davam edir. Bunun hansı yaxşı tərəfindən danışmaq olar? Bu barədə birmənalı olaraq pandemiyanın yaxşı yöndə olmadığını düşünürəm”.

Şəhər sakini Aytən Quliyeva: “Pandemiyada biz özümüz də bu xəstəliyi keçirmiş bir vətəndaş olaraq yaxınlarımızı itirdik. Əslində, ətrafda sosialın o qədər də əhəmiyyətli olmadığını, insanların öz ailəsi ilə daha sıx münasibətlərə məxsus olduğunu öyrətdi və sağlamlığın nə qədər önəmli olduğunu sübut etdi”.

Şəhər sakini Sahil Əhmədov: “Pandemiyanın ən yaxşı cəhəti insanlar daima evdə oturdu və evdəkilər bir-biriləri ilə daha yaxından ünsiyyətdə oldular. Sosiallaşma cəmiyyətdə o qədər çox idi ki, insanlar bir-birinə vaxt ayırmırdılar, hər kəs həmişə harasa tələsirdi. İşə, dərsə və yaxud başqa bir şeyə ayrılan zaman həddən artıq çox idi. Elə ailələr də var ki, valideynlər övladlarının yeni xarakter və xasiyyətlərini öyrəndi. Bu, pandemiyanın yaxşı tərəfi idi. Pis tərəfi isə təbii ki, insanlar həyatını itirdi, bu da özlüyündə həmin insanların yaxınlarına ağır zərbə vurdu”.

Şəhər sakini Bikə Poladova: “Mən pandemiyanın bizə yaxşı təsirlərini görmürəm. İndi də klinikadan vaksin vurdurub gəlmişəm. Onu deyə bilərəm ki, bunun nə olduğunu dərk edə bilmirik. Bilinmir bu bir siyasətdir, yoxsa reallıq. Hər şeyi bizdən gizlətdiklərindən əminəm. Çünki bu xəstəliyin olduğuna inanmıram, sadəcə, insanlar ölürlər və səbəbi də başqa xəstəlik olur”.

Şəhər sakini Sadiq Kərimov: “Koronavirus böhranı haqqında unikal bir durum mövcud deyil. Bu, dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq baş verən və nisbətən az görünən böhranların, təbii fəlakətlərin daha qabarıq və daha kəskin versiyasıdır. Bunun bu qədər qabardılması çox gülməli haldır. Çünki dünyada nə qədər aclıqdan yemək və su qıtlığından gün əzində minlərlə insan ölür. Bunu isə nəzərə alan yoxdur. Çünki onlar da bunun mif olduğunu bilirlər, sadəcə, insanların beyninə belə bir xəstəliyin var olduğunu yeridirlər”.

Şəhər sakini Sevda Süleymanova: “Birincisi, pandemiya bizə özümüzü qorumağımızı, canımızın nə qədər dəyərli olduğunu öyrətdi. Bəzi insanlar bunun fərqində deyildilər. Bu xəstəliyin yaranmasının bir çox müsbət tərəfi var. Çünki hər şey onlayn sistemə çevrildi. İnsanlar, əslində, evdən də işlərini idarə edə biləcəklərini, işsiz insanlar ev şəraitində öz gəlir mənbələrini kəşf etdilər. Bu sistemin tələbələrə yaxşı təsir etmədiyi məlum məsələdir. Çünki onlar təhsil sistemindən təcrid olundular və onlayn şəkildə dərs keçdilər. Bu da özlüyündə onlara mənfi təsir etdi. Digər tərəfi isə çox insan sevdikləri həyatla vidalaşdı, məncə bundan ağır heç nə ola bilməz”.

Şəhər sakini Məmməd Məmmədov: “Mən bu pandemiyada qardaşımı itirdim. Onun 74 yaşı var idi, lakin çox sağlam idi. O xəstəxanaya aparılandan 3 gün sonra mənə dedilər ki, qardaşınız cəngavər kimi insandı. Onun bədəni idmanla məşğul olmuş insanların bədəni ilə eyni gücə malikdir. Sadəcə, bir müddət sonra onun cansız bədənini bizə verdilər. Həqiqətən şoka düşdüm ki, bir insanı, həm də öz qardaşını hər gün görürsən və anidən o sənin həyatından necə gedə bilər? Onda anladım ki, insanın öz doğmasını, eyni qanı daşıdığı bir insanı itirmək çox çətin bir hadisədir. Bu xəstəlik çox canlar aldı, mənim qardaşım da onların içində oldu və bu halda pandemiyanın yaxşı tərəfindən söz gedə bilməz”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...