"Sərəncam birbaşa 2 milyona yaxın insanı əhatə edəcək" - ŞƏRH EDİLDİ

"Bildiyimiz kimi, ötən gün Tarif Şurası yeni qiymət dəyişikliyi barədə qərar qəbul etdi. Qurumların yeni tariflərlə bağlı açıqlamasından görünən odur ki, dövlət zərərlə işləyib, büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır. Son dövrlər qurumların tabeliyinin artırılması əsas prioritet hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, hazırda büdcə qarşısında xeyli tarixi vəzifələr var, bərpa, quruculuq işləri, təhlükəsizlik kimi mühüm çağırışlar mövcuddur: "Təxminən qiymətlərin orta hesabla 20% artdığını nəzərə alaraq, qiymət dəyişmələri hər bir ailəyə əlavə xərc yaradacaq. Bu, birbaşa vətəndaşın sosial vəziyyətinə təsir edir".

Deputat sözlərinə belə davam edib: "Cənab Prezidentin əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalaması əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəlmişdir. Sərəncam birbaşa 2 milyona yaxın insanı əhatə edəcək. Yeni qəbul olunacaq Dövlət Büdcəsi layihəsində sosial xərclərin əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Qeyd edim ki, təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların və digər gəlirlərin yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...