“Təbii xam qazın emal edilməsi prosesi ciddi xərc tələb edir” - EKSPERT AÇIQLADI

“Biz daha öncə də söyləmişdik ki, Azərbaycanda kommunal xərclərin artırılması 2021-ci illərin sonuna doğru bir daha ola bilər. Bildiyimiz kimi, bəzi xidmətlər və məhsullar var ki, Azərbaycanda Tarif Şurası vasitəsilə tarifləri müəyyən olunur. Kommunal xidmətlər də, yəni işıq və qazın qiyməti də o dediyimiz məhsulların qiymətlərinə aiddir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı, beynəlxalq ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bildiyimiz kimi Azərbaycan artıq keçən ilin dekabr aylarından Trans Adriatik Boru Kəməri vasitəsilə Avropaya qaz ixracına başlamış və mütəmadi olaraq hər il bu ixracatı artırmağı planlaşdırmışdı: “Bu atılan addımlar nəticəsində Azərbaycan dövlət şirkətləri bu günə kimi dotasiya hesabına maliyyələşdirilirdi və belə tendensiya yaranıb ki, artıq dünyada gedən proseslər, həmin bu şirkətlərin dünyada konkret olaraq oyunçulara çevrilməsi fonunda bu dotasiyaların sayı azaldılmalıdır. Bu istiqamətdə həmin təşkilatlar da artıq özlərini dolandırmağa başlamalı idi və öz qazancları ilə xərclərini ödəməli idilər. Bildiyimiz kimi, həmin qeyd etdiyim təşkilatlar müxtəlif beynəlxalq banklardan müxtəlif kreditlər almağa başlamışdı və özlərinin vəsait ödəmək kimi öhtəliyi yaranmışdı. Bunun fonunda bir məsələni qeyd etmək istəyərdim ki, Azərbaycanda bu günə kimi dotasiya hesabına formalaşdırılan bir çox dövlət şirkətlərinin fəaliyyəti həmin o qurumlarda korporativ idarəetmə formalaşmamışdı. Yəni həmin qurumların xərcləri çox böyükdür və təbii xam qazın emal edilməsi prosesi ciddi xərc tələb edir. Daha öncə də qeyd etdiyimiz kimi, qiymətin formalaşdırılması hər hansı bir mikroiqtisadi subyektin vergilər, əməkhaqqları və s. xərclər toplanılır və bunun üzərinə mənfəət qoyulur. Beləliklə, həmin o qiymət formalaşdırılması həyata keçirilir. Bu günə kimi həmin təşkilatlarda bu istiqamətlərdə ciddi problemlər var idi və dəfələrlə Azərbaycan Respublikası Tarif Şurasına satış qiymətlərinə, tariflərə baxılması ilə bağlı müraciətlər edilirdi”.

“Bir məsələni də qeyd etmək istəyirəm ki, bildiyimiz kimi tələb təklifi formalaşdırır. Azərbaycanın Avropaya nəql etdiyi qazın qiyməti haqqında məlumatlıyıq. Yəni, son dövrlərin rekord artımıdır. Bunun fonunda balans yaratmaq lazım idi. Dünya bazarında gedən proseslərlə mütənasibliyi təmin etmək lazım idi”.

“Bundan başqa artıq iki ildir tüğyan edən pandemiya nəticəsində bir çox əməliyyatların həyata keçirilməsi istiqamətində yeni xərclər yaranmağa başlamışdı. Bu da təbii ki, idxal olunan və ixrac edilən məhsulların maya dəyərinə ciddi təsir göstərdi”.

“Azərbaycan Respublikasının Prezidenti də bu məsələyə ciddi yanaşır və bilir ki, uzun illər dotasiya hesabına idarə olunan dövlət şirkətlərində birdən-birə qarşısına qoyduyumuz məsələlərin reallaşdırılması çox çətindir. Bu istiqamətdə əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində sərəncam imzalanıb. Son bir neçə ildə əhalinin orta əməkhaqqı 39-40 faizə qədər yüksəlmişdi. Yəni, bu da çox yaxşı bir göstəricidir. Bildiyimiz kimi, təqaüdçülər də dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına formalaşır. Qiymətlərin artımı fonunda hər kəs anlayır ki, səhiyyə, təhsil, qida və geyim üçün olan xərclərə qənaət edib, konkret olaraq kommunal ödənişlərə sərf etməlidir. Bu sərəncam əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində imzalanıb”.

“Mən düşünürəm ki, soyuq vaxtlarda belə sıçrayışlar gözləniləndir. Dövlət şirkətlərində bu istiqamətdə addımlar atılmalı, korporativ idarəetmə formalaşdırılmalı, həmin o qurumlarda xərclər yenidən gözdən keçirilməlidir. İnzibati xərclər azaldılmalıdır. İnvestisiya olunan layihələr yenidən gözdən keçirilməli, zərurət olmayan layihələrə vəsait ayrılmamalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...