"Prezidentin yeni sərəncamı ilə sosial ödənişlərdə ciddi artımlar təmin ediləcək" - ŞƏRH EDİLDİ

“Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi, sosial rifahının daim yaxşılaşdırılması ölkə siyasətinin prioritet məsələlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu gün cənab Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında verdiyi sərəncamda bu siyasətin məntiqi davamıdır: “Bu sərəncamın verilməsi Azərbaycan vətəndaşlarının, o cümlədən bütün kateqoriyadan olan insanlarımızın sosial rifahının yaxşıladırılmasına müsbət təsirini göstərəcəkdir. Sərəncamda deyildiyi kimi Azərbaycan vətəndaşlarının sosial rifahının qorunması dövlət siyasətinin mühüm tərkib hissəsidir və dövlətin sosial-iqtisadi imkanları genişləndikcə vətəndaşların da sosial rifahının artırılması üçün ardıcıl tədbirlər görülür. 2018-ci il seçkilərində cənab Prezidentin qarşıdakı 5 il ərzindəki proqramının əsas mahiyyəti Azərbaycanı inkişaf etmiş sosial dövlətə çevirmək və Azərbaycan əhalisinin sosial rifah halını dünyanın qabaqcıl ölkələrinin sosial rifah halına çatdırmaqdan ibarətdir. Məhz bu konsepsiyanı həyata keçirərək cənab Prezidentin fərman və sərəncamları ilə 2019-cu ildə inqilabi xarakterli sosial müdafiə paketi qəbul olundu. Məhz bu paketin qəbul olunması nəticəsində ölkədə pensiyalar iki dəfəyə yaxın artdı, sosial müavinətlər və təqaüdlər iki dəfədən çox artdı. Orta aylıq əmək haqqı 40% yüksəldi. Orta aylıq pensiya 60%-dən yuxarı olaraq artdı. Həmin ənənə bundan sonrakı illərdə də davam edirdi”.

Musa Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, təəssüflər olsun ki, 2020-ci ilin əvvəlində başlayan və ümumilikdə dünyanın iqtisadiyyatına ciddi zərər vuran koronavirus pandemiyası bu prosesləri bir qədər ləngitmiş oldu: “Baxmayaraq ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatının da inkişaf etməsinə mane oldu. Amma bu pandemiyadan da əhalinin zərər çəkməsinin qarşısını almaqdan ötrü cənab Prezidentin fərman və sərəncamları ilə 4 milyard 500 milyon manatlıq sosial müdafiə paketi qəbul olundu ki, burada həm aztəminatlı insanlara müavinətlərin verilməsi, həm iş yerlərinin qorunub saxlanılması, həm sahibkarların iqtisadi zərərlərinin kompensasiya olunması, işləmədiyi halda vətəndaşlarımıza orta aylıq maaşların verilməsi və s. tədbirlər də həyata keçirildi. Post-müharibə dövründə də bu siyasət uğurla davam etdirildi və cənab Prezidentin sərəncamları ilə şəhid ailələrinin, müharibə qazilərinin, veteranların sosial müdafiəsinin gücləndirilməsi üçün ciddi tədbirlər görüldü və bu gün də bu proses davam edir. Cənab Prezidentin bu gün verdiyi sərəncamın mahiyyəti bu sosial siyasəti davam etdirməkdən ibarətdir. Bu sərəncamın icrası ilə bağlı gələn ilin büdcəsində pensiyaların, müavinətlərin, təqaüdlərin, əmək haqlarının artırılması nəzərdə tutulur”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə