“44 günlük Vətən Müharibəsi Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın şanlı ordusunun tarixi zəfərə çatması ilə yekunlaşdı və ərazi bütövlüyümüz bərpa olundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan yeni tarixi reallıqlar yaradır və bu tarixi reallıqları da bütün dünya qəbul edir: “Ermənistan da bu reallıqla barışmaq məcburiyyətindədir. Bu yeni tarixi reallıq eyni zamanda tarixi günlərimizin də formalaşmasını şərtləndirir və bu nöqteyi-nəzərdən 28 may Respublika Gününün və 18 oktyabr Müstəqillik haqqında konstitusiya haqqının qəbul olunma tarixlərinin dəyişdirilməsi zamanın çağırışıdır”.
Elman Nəsirov sözlərinə belə davam edib: “İndi Respublika gününün Müstəqillik günü elan edilməsi, 18 oktyabrın isə Müstəqilliyin bərpası günü kimi bəyan edilməsi çox böyük bir məsuliyyəti özündə ehtiva edir. Yəni, bu o deməkdir ki, 28 may Müstəqillik Günüdür. Deməli, bizim sonrakı dövrdə müstəqilliyimizi əlimizdən alıblar. Azərbaycanın müstəqilliyi sonrakı 70 il ərzində olmayıb və 18 oktyabrda, 1991-ci ildə biz o müstəqilliyi bərpa etmişik. Lakin 28 may Respublika Günü kimi 28 mayın elan edilməsi Azərbaycanın artıq müstəqillik tarixinin 100 il bundan öncəyə kimi gedib çıxdığını göstərir. Yəni, bugünkü müasir dövlətimizin müstəqillik tarixinin o zamana getdiyini təsdiqləyir”.
“Həm də dünya dövlətlərinin məhz müstəqillik günləri var. ABŞ-da 4 iyul Müstəqillik günüdür və həmin günü qeyd edirlər. Rusiya Federasiyasında bu 12 iyundur. Amma bəzi bizim siyasi opponentlərimiz buna başqa çalar vermək və bunu başqa mənada ictimaiyyətə çatdırmaq, kölgə salmaq istəyir. Respublika Gününün Müstəqillik Günü ilə əvəz edilməsi respublika ənənələrindən, demokratiyadan bizim uzaqlaşmağımız anlamındadır”.
“Son dövrlər qərəzli yanaşmadır. Hər şeydən qiymətli müstəqillikdir. Müstəqillik olmayan yerdə hansı respublikadan danışa bilərsən?! Ona görə də bizim üçün hər şeydən qiymətli, hər şeydən dəyərli məhz müstəqilliyimizdir. O müstəqilliyin sayəsində bu gün güclü Azərbaycan, güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiyyatı formalaşıb və müstəqilliyin sayəsində biz torpaqlarımızı işğaldan azad etmişik. Bu ancaq müstəqilliymizin sayəsində baş verib. Biz asılı olsaydıq, heç bir halda torpaqlarımızı işğaldan azad edə bilməzdik. Ona görə də biz müstəqillik tariximizi öyrənməliyik, o da 28 maydan başlayır və bugün də bu dəyişikliklər, əslində, Azərbaycanın öz müstəqilliyinə, öz müstəqillik tarixinə çox böyük dəyər verməsinin göstəricisidir. Azərbaycan xalqı asılı olmaqla barışmayıb. Azərbaycan xalqı mübariz xalqdır və öz müstəqilliyini yenidən bərpa edib. Bu baxımdan, onun çox siyasi mənası və çəkisi var”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB