Çörəklərə qarşı tətbiq edilən yeni standartlar belə olacaq - NÜANSLAR - AİB-NİN SƏDRİ AYDINLIQ GƏTİRDİ

"Çörəklərə qarşı tətbiq edilən standartlar zavod çörəyi və yaxud sosial çörəyə aiddir və 4 növ çörəyə tətbiq olunub: 1-ci növ, 2-ci növ, əla növ və kəpəkli növ çörəklər". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, qayda Nazirlər Kabinetinin təsiri altında qəbul olunub: "Onlayn yığıncaq keçirilib və bir neçə dövlət qurumunun iştirakı ilə bu qərar qəbul olunub ki, çörəklərin standartı hazırlansın. Ciddi səbəblərdən biri budur ki, sosial çörək və yaxud zavod çörəyinin qiymətini sabit saxlamaq üçün hökumət daim iş aparır. Yəni, qiyməti sabit saxlamaq üçün iş aparmaq fonunda çörək istehsalçıları çörəyin nəmliyini qaldırır, çəkisini, keyfiyyətini aşağı salırdı və s. Ona görə istehlakçılar standarta uyğun olmayan bir çörək istehlak etmək məcburiyyətində qalırdılar. Belə bir şəraitdə əlbəttə standartın qəbul olması çox zəruri idi və yaxşı ki, belə bir standart qəbul olundu. Lakin burada digər bir məsələ var. Mənə məlum olana görə hökumət bir tapşırıq verib ki, yenə də sosial çörəklərin qiymətləri sabit saxlanılsın. Düşünürəm ki, standarta uyğun çörək istehsal etmə bir şəraitdə qiymətin sabit saxlanması o qədər də mümkün olmayacaq. Çünki, sosial çörək istehsalçıları onsuz da qırmızı xəttin üzərində idilər. Çünki onlara qeyri-qanuni olaraq, qiyməti sabit saxlamaq üçün təzyiqlər olunurdu".

Eyyub Hüseynov sözlərinə belə dava edib: "Əlbəttə, Azad İstehlakçılar Birliyi tərəfdarıdır ki, istehlakçılar standartlara uyğun və ucuz çörək alsınlar. Sosial çörək də ən çox alınan çörəklərdən biridir. Lakin biz istehsalçıların da problemini anlamalıyıq. Onlar qiyməti sabit saxlamaqla bu işi edə bilməyəcəklər. Ona görə də gözlənilir ki, sosial çörək istehsalçıları ya qiymətləri sərbəst olan çörəklərə keçəcəklər, ya da bağlanacaqlar".

"Burada mühüm bir amil var. Hökumət istəsə bunu edə bilər. Bu çörək istehsalçılarından marketlər tərəfindən külli miqdarda çörəkləri yerləşdirmək üçün pul alması məsələsidir. Çörəkləri marketlərə yerləşdirmək üçün market sahibləri çörək istehsalçılarından külli miqdarda pul alırlar və bu pullar vergiyə cəlb olunmur. Qeyri-qanuni alınan pullardır və çörək istehsalçılarına bu barədə heç bir rəsmi sənəd verilmir. Hələ bu azmış kimi çörək istehsalçılarının satış dövriyyəsindən 10 faizə qədər bonus pulu geri alırlar. Bir sözlə marketlər çörəyin qiymətinin qalxmasında öz mənfi rollarını oynayırlar. Ona görə hökumət və yaxud Nazirlər Kabineti istəyirsə ki, sosial çörəklər standartlara uyğun istehsal olunsun və qiymət də sabit saxlanılsın. Buyursunlar marketlərdə iş aparsınlar, marketlər hökumətin sosial siyasətinə doğru addım atsınlar və çörək istehsalçılarından yer pulu almaqdan vaz keçsinlər. Onsuz da marketlər çörəyin qiymətinə əlavələr edir və buradan xeyirlərini götürürlər. O bəri başdan alınan pullardan kənar olsalar düşünürəm ki, məsələ həll olunar və hökumətə də təzyiq düşməz".

"Təəssüflər olsun ki, bu barədə mən sahibkarlara dəfələrlə məlumat versəm də sahibkarlar, market sahibləri heç bir iş aparmır. Əlbəttə, bunun da səbəblərindən biri də odur ki, market sahiblərinin özləri də sahibkarlar assosiasiyasının üzvləridir və üzvlük haqqı verirlər. Düşünürəm ki, Vergilər Nazirliyi və Nazirlər Kabineti əl-ələ verib marketlər üçün bu qayda hazırlamalıdır və ümumiyyətlə, marketlərdə satılan 20 mindən çox mal üçün bəri başdan alınan qeyri-qanuni pullara son qoyulmalıdır ki, qiymətlər aşağı düşsün və bütün malların qiymətləri aşağı düşsün. Əlbəttə, Azad İstehlakçılar Birliyi olaraq biz həmin standartların tətbiqlərini alqışlayırıq. Lakin sosial çörək istehsalçılarının qırmızı xəttdən yıxılmamasının da tərəfdarıyıq və burada bugün bir əlavə də olaraq məlumat oldu ki, o standartlar çörək istehsalçılarına satılacaq. Düzdür, həmin standartların satılması qeyri-qanuni deyil, lakin o da çörəyin qiymətinə təsir edəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə