"İslamda haramın fəlsəfəsini dərindən təhlil etsək görərik ki,..." AÇIQLAMA
"Əvvəla, siqaret haramdır. Mən bunu tam əminliklə deyirəm. İslamda haramın fəlsəfəsini dərindən təhlil etsək görərik ki, o şeylər haram buyurub ki, o insan orqanizminə zərər verir. Yəni, zərərli olan şeylər haramdır. Peyğəmbərin vaxtında siqaret yox idi, yoxsa şərabdan da əvvəl siqareti haram elan edərdi. Bu öhdəlik indiki din xadimlərinin boynuna düşür ki, siqareti haram elan etsinlər. Amma görünür, bir çox şeylər mane olur ki, onu etmirlər". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, o biri tərəfdən siqaretin bədənə vurduğu ziyan çoxdur ki, bu da hər kəsə aydındır: "Neçə tanışlarımız bu yolda ölür gedir, məhv olur, yarımcan olur. Ona görə bu siqaretin belə yayılmağında yaxşı heç nə yoxdur. Xanımlarımızın siqaretə qurşanmağının çoxalması cəmiyyətdə gedən xoşagəlməz proseslərdir. Cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır və cəmiyyətimizə müəyyən amillər öz təsirini daha da gücləndirir".
Əhməd Qəşəmoğlu sözlərinə belə davam edib: "Hər bir insanın davranışına 4 mühüm amil ciddi təsir edir:
1. İnsanın öz şəxsi psixoloji xüsusiyyətləri.
2. Mühit.
3. Aldığı informasiya.
4. Üstünlük verdiyi dəyərlər.
Cəmiyyətimizdə indi təəssüf ki, mənəvi dəyərlər müəyyən qədər sıxışdırılır, arxa plandadır. Meşşanlıq, özünü nümayiş etdirmə halları çox artıb. İnsanlar özünü mənəvi amillər hesabına yox, daha da nümayişkəranə dəyərlər hesabına təsdiqə daha çox can atırlar və xanımların da bir çoxu məlumatlı deyil. O dediyim mühit, informasiyalar xoşagəlməz vəziyyətdədir və üstünlük verdiyi dəyərlər də arzuolunan səviyyədə deyil. Bunun nəticəsində cəmiyyətdə bir yüngül meşşan davranış forması formalaşır. Burda da siqaret çəkmək kimi, sərbəstlik elementi kimi sayılır. Təbii ki, bunlar yalançı faktorlardır, yalançı amillərdir və xanımlar da o təsirin altına düşür. Siqaret çəkməyin özü də mənəvi dəyərlərə zidd olan bir şeydir. Bu amillərin də artması düşmən tərəfin də marağındadır. Çünki onlar bilirlər ki, ölkədə bu cür fiziki sağlamlığa, mənəviyyata zərər vuran vərdişlərin artması ölkənin ümumi qüdrətinə mənfi təsir edir. Ona görə düşmən bu təsirin altındadır. Siqaret çəkən çoxaldıqca narkotikə meyilli olanların da sayı, xəstələrin də sayı çoxalır. Ona görə düşmən özü maraqlıdır ki, bu saylar artsın. Ona görə də biz diqqətli olmalıyıq ki, düşmən maraq göstərdiyi halda özümüz bu işlərin qarşısını alaq. Ona görə siqaret çəkməklə bağlı əhatəli kompleks tədbirlər aparmağa ehtiyac var. Sadəcə, orada-burada plakat asmaqla, bir-iki dənə məqalə yazmaqla, veriliş verməklə məsələni həll edə bilməyəcəyik. Bunun üçün xüsusi texnologiyalar hazırlanmalıdır. Sosial işçilər işləməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB