Bakıda arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

Oktyabrın 20-dən noyabrın 7-nə qədər Bakıda Kənd Təsərrüfatı Nazirliyinin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

SİA nazirliyə istinadən xəbər verir ki, yarmarka paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığında) baş tutacaq.

Yarmarkada yalnız COVID-19 pasportuna və yaxud immun sertifikatına malik arıçılar iştirak edə biləcəklər. Bunun üçün arıçılar 25 sentyabr saat 00:00-dan 29 sentyabr saat 23:59-a qədər bal.kendden.az saytına daxil olaraq şəxsi məlumatlarını və təsərrüfatları barədə məlumatları qeyd etməlidir. Qeydiyyatı təsdiqlənmiş arıçılara 30 sentyabr tarixində SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.

Yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə ilk qeydiyyatdan keçmiş maksimum 250 arıçının iştirakı nəzərdə tutulur. Yarmarkada iştirak üçün hər bir arıçının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

Bal nümunələrinin qəbulu 4-12 oktyabr tarixləri arasında nazirliyə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, 57 ünvanında ("Meyvəli bazar") yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak haqqı 150 manatdır və bu məbləğə satış üçün yer, lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, loqistika, anbar işinin təşkili və digər xidmətlər daxildir.

Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək. Bal məhsulları anbara daxil olduqdan sonra Aentliyin əməkdaşları istehsalçının iştirakı ilə nümunələr götürəcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildiriləcək və yalnız nümunələri qida təhlükəsizliyi standartlarına uyğun olan istehsalçıların məhsullarının satışına icazə veriləcək. Nümunələrin nəticələri müsbət olmayan bal məhsullarının satışına icazə verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə