"Minlərlə uşağı, gənci, qadını, qızı zəhərləyən..." - TƏNQİDÇİ EKSPERT REAKSİYA VERDİ

“Bütün dünyada olduğu kimi Azərbaycanda da son illər həm təbii yolla əkib-becərilən narkotik bitkiləri, istehsalı və ondan istifadə, həm də süni sürətdə sintetik uyuşturucu maddələr, o cümlədən həb və dərman formasında narkotik tərkibli maddələrin istifadəsi, yayımı, satışı və onlarla bağlı şəbəkələrin sayı get-gedə artır. Azərbaycan cəmiyyəti dünyanın bir hissəsidir. Sözsüz ki, bizdə də bu hallar baş verir”. Bu sözləri SİA-ya açıqlamasında tənqidçi ekspert, kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, sərhədimizdə olan ölkələrə baxdıqda istər Ermənistan və 30 il işğal altında saxladığı Qarabağda əkilən narkotik maddələr, daha sonra patı kimi bir çox sintetik narkotik maddələrin istehsalının təşkil edilməsi və hansısa yollarla qanı qarışıq adamlar vasitəsilə Azərbaycana daşınıb, yayımının təşkil edilməsi, gəncləri, yeniyetmələr, xüsusilə qadın və qızlarımızı bu tora salıb həmin sintetik, narkotik zəhərləyici maddələrlə zəhərləyib onların gələcəyini məhv etmək faktları haqqında artıq mətbuatda çox materiallar gedib: “Eyni zamanda həm cənub, həm şimal sərhədimiz nə qədər qorunsa da, Xəzər dənizi vasitəsilə Türkmənistan, Qazaxıstan və Əfqanıstandan gələn çətənə tipli narkotik vasitələrin də Azərbaycana daşınması və Azərbaycan vasitəsilə müxtəlif ölkələrə daşınması faktoru ilə bağlı cinayət halları artıb. Azərbaycanın hüquq-mühafizə orqanları və Azərbaycan cəmiyyəti bununla bağlı çox sərt həm maarifləndirici formada, həm də antitəbliğat formasında, həm də cinayət məsuliyyətinə cəlb etməklə bu sistemi qurmuş, şəbəkə yaratmış qrupları ifşa etməklə, onları cinayət məsuliyyətinə cəlb etməklə narkotikanın qarşısı alınmağa çalışılır”.

Aydın Xan Əbilov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bir çox Avropa ölkələrində narkotik istifadəsinə icazə var: “Bu guya cinayət hallarının qarşısını alır. Qeyri-qanuni yollarla narkotik maddələrinin yayılmasının qarşısı alınır. Amma nəzərə alaq ki, Avropa ölkələri intellektual baxımından, təhsil baxımından, səviyyə baxımından Şərq ölkələrindən dəfələrlə yuxarı olduğuna görə, oturuşmuş cəmiyyət olduğuna görə onlarda narkotik maddələrin istifadəsinə icazə var. Amma Azərbaycan kimi həssas cəmiyyətə malik ölkələrdə buna ehtiyac yoxdur.

Gündən-günə istər ənənəvi narkotika ilə bağlı, istərsə də süni sintetik narkotik maddələrin yayılmasına qarşı Azərbaycanda ciddi tədbirlər görülür. Əgər əvvəl qram və ya kiloqramla tutulan, müsadirə edilən və onların satışını, yayımını təşkil edən şəxslər cinayət məsuliyyətinə cəlb edilirdisə, indi artıq minimal 100 kiloqramdan tonlarla narkotik maddə, çətənə və digər narkotik mənşəli bitkilərin müsadirə edilməsi faktları haqqında telekanallar və sosial şəbəkələr xəbərlər verir. Bütün bunlar təbii ki, ürəkağrıdan məsələlərdir. Çünki narkotik maddələr, xüsusilə də sintetik narkotik maddələrin qiyməti ucuz olduğuna görə, bu gün uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi məhv edir. Xüsusilə də gənc, tələbə qızlar arıqlamaq adı altında istifadə edənlərin bütün həyatı sual altındadır. Bununla bağlı dəfələrlə aparılan həm profilaktik tədbirlər, həm maarifləndirici tədbirlərin effektivliyinin şahidi olmuruq. Düşünürəm ki, narkotika və süni narkotikanın məktəblərdə, gənclər və yeniyetmələr arasından yayılmasını təşkil edən şəbəkənin adi satış insanlarını yox, məhz şəbəkənin ən böyük rəhbərliyində olan şəxsin həmin dəqiqə tutmaq və cinayət məsuliyyətinə cəlb etməklə ömürlük həbslə cəzalandırmaq lazımdır. Çünki minlərlə uşağı, gənci, qadını, qızı zəhərləyən, millətin genefondunu məhv edən bu insanlar əlbəttə ki, ölüm hökmünə və ya ömürlük həbslə cəzalandırmaq lazımdır. Bu şəxslər varlanmaq üçün dövlətin əsas dayağı olan cəmiyyəti məhv etməklə dövləti sarsıdırlar. Onlar ermənilərdən də pisdir. Ona görə də bu kimi insanlarla bağlı çox sərt cəzalandırma sistemi olmalıdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə