Yenidən qapanmalar olacaq? EKSPERT AYDINLIQ GƏTİRDİ

“Dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası özünün 3-cü, bəlkə də, artıq 4-cü dalğasına başlayıb. Əslində, biz analitiklər hesablamışdıq ki, əhalinin müəyyən hissəsi koronavirusa yoluxduqdan sonra təbii antitel yaranacaqdır. Bilirsiniz ki, Azərbaycanda yarım milyona yaxın faktiki və ondan da çox qeyri-leqal yoluxub sağalan vətəndaşlarımız var? Bu qədər insanın vaksin olunmasına rəğmən, amma nədənsə, gözləntilər özünü doğrultmadı. Yəni virusun yoluxmasının, ümumiyyətlə, bu yayılmanın qarşısını ala bilmirik. Ev, poliklinika, xəstəxana şəraitində ağırlaşdırılmış formada xüsusiləşdirilmiş korona xəstəxanasında müalicə alan vətəndaşlarla bağlı müxtəlif informasiyalar alırıq. Əlbəttə, yoluxmanın müxtəlif yolları var. Onlardan ən birincisi əvvəllər elə toy hesab olunurdusa, amma son vaxtlar toylara da qadağa qoyuldu. Bilirsiniz ki, Məhərrəmliklə bağlı artıq neçə gündür ki, toylar olmur, şadlıqlar, məclislər dayanıb”. Bu sözləri SİA-ya açıqlamasında analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, eyni zamanda, Məhərrəmlik ayında restoranlara və kafelərə gedib spirtli içki içən, məclislər quran adamların da sayı azalmışdır: “Amma buna rəğmən, yenə də biz yoluxmanın sürətlə artdığını görürük. Çünki bilirsiniz ki, virusun “Delta” variantı və digər variantlar da Azərbaycanda yayılmağa başladı. Sərhədlərin açılması, təyyarələrlə və müxtəlif yollarla Azərbaycana daxil olmaları, eyni zamanda, Azərbaycandan turistlər və xaricə gedən, xaricdə yaşayan insanların gediş-gəlişinin çoxalması əlbəttə ki, koronanın yoluxmasını sürətləndirməli idi. Yas mərasimləri toy mərasimlərinə nisbətən daha lokal, daha modern formada keçirilməyə başlayıb. Düzdür, insanlar yenə də əvvəlki kimi bəzi yerlərdə iri məclislər keçirməyə maraqlıdırlar, xüsusən də, varlılar və orta təbəqə aidiyyəti qurumların nümayəndələrinə, hətta bəzən hüquq mühafizə orqanlarının rəhbər şəxslərinə pullar verir və yaxud onların tanışlarıdır deyə geniş toylar və yaslar keçirdirlər. Bununla bağlı bilirsiniz ki, bir neçə rayonun polis rəisi cəzalandırıldı, işdən çıxarıldı. Eyni zamanda, insanların digər yoluxma faktları da var. Yəni, yoluxma yalnız yas və toylarda deyil. Yoluxma ictimai nəqliyyatda, ticarət mərkəzlərində, supermarketlərdəki növbələrdə, xüsusən, nə qədər qəribə səslənsə də, Asan Xidmət mərkəzlərində, eyni zamanda, alış-veriş məkanlarında, şəhərin müxtəlif yerlərində əyləncə xarakterli kafelərdə, restoranlarda özünü daha çox büruzə verir. Ümumi təsnifat olmadığına görə dəqiq demək mümkün deyil ki, yoluxma daha çox harada baş verir. Baxmayaraq ki, dövlətdən çoxlu pul alıb Təbib “e-təbib” portalını yaratdı və o portalı yaradanlar bilmirəm hansı ağılla “blutuzun” açılmasını və həmişə İnternetlə əlaqə olması kimi funksiyaları orda qoydular”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Bilirsiniz ki, insanların hamısında internet həmişə olmur və yaxud insanlar maraqlı deyillər ki, “blutuzu”, “wifi”-ni və yaxud interneti açıq saxlayıb maddi cəhətdən həm ziyana düşsünlər, həm də eyni zamanda mobil telefonun enerjisi o vaxtı tez tükənir. Ona görə də “e-təbib” portalı elə bir Azərbaycanda effekt vermədi. Baxmayaraq ki, müəyyən mənada yaxşı fikir idi, amma o effekti ala bilmədik”.

“Restoran sahiblərinin maddi marağı əlbəttə ki, burada önəmlidir. Nəinki restoran, şadlıq evləri, kafelər, çayxanalar, yeməkxanalar, müxtəlif otellər və yay əyləncə mərkəzlərində yoluxma baş verə bilər. Amma gəlin bir az məntiqli düşünək. Ola bilər ki, xəstəliyi gizlincə ayaqüstü keçirən insanlar olsun. Amma ağırlaşdırıcı faktor kimi yoluxmaya daha çox onlar səbəb olurlar və hər öskürəndə onlar çoxlu mikrobları, virusları ətraf mühitə püskürürlər. Deməli, özünü əzgin hiss edən insan nə kafeyə gedir, nə restorana, heç toya, yasa da getmir. İnsanların maariflənməsinə əlbəttə ki, bu mənada çox böyük ehtiyac var. İnsanlar mütləq tibbi maskadan hər zaman istifadə etməlidirlər. Birdəfəlik tibbi maskanın mən tərəfdarı deyiləm. Daha çox yuyulması mümkün olan tibbi maskalardan istifadə edilməsinin tərəfdarıyam. Həmin tibbi maskalar həm ətraf mühiti çirkləndirmir, çünki bilirsiniz ki, birdəfəlik tibbi maskalar milyardlarla atılır çölə və bunların çoxu çaya və dənizə gedir, onların da məhv edilməsi mümkün deyil və təbii yolla da onlar ərimir. Amma çox dəfəlik istifadə olunan tibbi maskaları yuyub təmizləmək və ondan istifadə etmək mümkündür. Sosial məsafəni saxlamaq, gigiyenik təmizliyə riayət etmək, eyni zamanda, öz immunitetini gücləndirən qidalarla, yəni C vitamini bol olan meyvələr və tərəvəzlər, ərzağın təbii orqanik formalarından istifadə etmək yoluxmanın qarşısını ala bilər”.

“Şadlıq evləri, restoran və kafelər, əyləncə mərkəzləri bunlar Azərbaycan iqtisadiyyatına neft və qaz sektorundan sonra ən çox vergi verən və ən çox yeni iş yerləri yaradan, əhalini işlə təmin edən bir kreativ biznes strukturları sayılır. Əgər biz onları yenə də qapatsaq, böyük problemlər yaşayacağıq. Əhalinin onsuz da iqtisadi vəziyyəti heç də ürəkaçan deyil, işsizlik, maaşın az olması, gündən - günə artan qiymətlər, istər kommunal xərclər, istər ərzaq qiymətləri, xüsusən də apteklərdəki dərmanın qiymətinin dəhşətli dərəcədə baha olması əhalinin vəziyyətini daha da ağırlaşdırıb. Üstəlik də 44 günlük müharibəyə həddindən artıq maddi resurslarımızı istifadə etmişik, istər dövlət, istərsə də ayrı-ayrı vətəndaşlar olaraq ordunun, hərbçilərin yanında olduq. İndi Qarabağın bərpası planı həyata keçirilir. Bütün bunlar üst - üstə gələndə ictimai psixoz vəziyyət yaradır və işsiz, eyni zamanda heç bir gəliri olmayan insanların psixologiyasınln pozulmasına aparıb çıxarır. Son vaxtlar 400-dən çox intihar hadisəsi baş verib. Bu son 6 ayda baş verib. Bundan başqa gənclərimiz niyə intihar edir? Niyə gənclər arasında patı və narkotik maddələr aludəçilərinin sayı get-gedə artır? İndi təsəvvür edin ki, energetik içki içən və özünü bununla da dünyanın problemlərindən qurtulmuş sayan uşaqların, cavanların, yeniyetmələrin sayı get-gedə artır. Çox ucuz qiymətə patı alıb ondan ətrafda olan problemlərdən qurtulmaq istəyən gənclərin sayı artıb. Bu adam işsizdir, ərzaqla bağlı problem yaşayır, iş yox, yemək yox, sosiallaşma yox, karantin qadağaları da bir tərəfdən və bu, əlbəttə ki, istəyir müxtəlif yollarla onu ətrafına, cənginə alan problemlərdən qurtulsun. Ona görə də fikirləşmirəm ki, əhalinin sağlamlığı əsas olsa da, amma bu cür problemləri kompleks halda fikirləşib və bu məsələlərlə mütləq bir dövlət planına malik olmalıyıq. Yalnız Pandemiya ilə vuruşub bütün bunu Səhiyyə Nazirliyi ilə TƏBİB-in boynuna atmaq heç də düzgün bir hal deyil. Dünya ölkələrində də bununla bağlı müəyyən bir problemlər yaşadılar və dünya ölkələri artıq bundan qurtulmağa çalışırlar. Qonşu ölkələrə baxanda müəyyən lokal qapanmalar olsa da, amma bütövlükdə qapanmaya getmirlər, çünki biznesin, ölkə iqtisadiyyatının, əhalinin sosial rifahının, məhvinin qarşısını almaq üçün və ölkənin iflasa uğramaması üçün onlar açılışdılar, hətta sərhədləri açdılar, qonşu ölkələrlə əlaqələri möhkəmləndirdilər”.

“Digər tərəfdən, biz mütləq maarifləndirmə işlərini gücləndirməliyik, əhalinin tibbi maskalardan, sosial məsafədən, gigiyenik vasitələrdən istifadəni məhz yoluxmanın qarşısını almağa inandırmağa çalışmalıyıq. Biz dəfələrlə təklif etmişdik istər nazirliyin nəzdində, istər Səhiyyə Nazirliyi istər əlaqədar orqanlar və təbibin yanında olan Nazirlər Kabineti yanındakı Operativ Qərargaha mütləq ictimai fəallar, düşüncə adamları, beyin mərkəzlərinin nümayəndələri dəvət edilməlidir. Onlara qərar verib və onları işlətmək lazımdır, onlar təkliflər verməlidirlər, bu təkliflər həm koronavirus, həm yoluxma ilə bağlı, həm də onların qarşısını almaq üçün müəyyən çıxış yolu aramaq üçün mütləq praktik səciyyəvi olmalıdır və onları da qəbul edib onlardan mütləq istifadə etmək lazımdır. Əks təqdirdə vəziyyət daha da kritik olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə