"Metroya daxil olan sərnişinin əsas vəzifəsi..." - QURUM RƏSMİSİ XƏBƏRDARLIQ ETDİ

“Bakı Metropolitenində təhlükəsizlik məsələləri müvafiq-normativ sənədlər, təlimat tələbləri, eyni zamanda Bakı Metropoliteninin xüsusiyyətləri, iş prinsipləri və digər məsələlərin hər birini xüsusi nəzərə alaraq həyata keçirilən bir prosesdir. Tək metropoliten işçisi deyil, eyni zamanda sərnişinlər də müəyyən qaydalara mütləq şəkildə əməl etməlidirlər. Hətta orada müəyyən qadağalar da var. Bu qaydaları Nazirlər Kabinetinin təsdiq etdiyi Bakı Metropolitenindən istifadə qaydalarında göstərilib. Yəni sərnişinlərin platformalar boyunca bərabər paylanmasını metropoliten işçiləri tətbiq edir amma eyni zamanda bu sərnişinlərin də üzərinə düşən vəzifədir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qatarı stansiya yolunda gözləyərkən sərnişinlərin müəyyən olunmuş hüdud kənarda dayanması, qatar gəlib çatana qədər gözləməsi və s. bu kimi məsələlərin hər biri sərnişinlərin də üzərinə məsuliyyət qoyur: “Bunu normal qarşılamaq lazımdır. Çünki Bakı Metropoliteni stansiyasına daxil olan hər bir sərnişini qoruya bilməz. Platformada platforma növbətçiləri xidmət göstərir. Əvvəllər həmin yerdə qatarı qarşılayıb, yola salan işçimiz çalışırdı. Hazırdakı platforma işçisinin məsuliyyəti və vəzifəsi daha genişdir. Ümumiyyətlə artıq nəzarət mexanizmləri də genişlənib. Orada platforma növbətçisinin sayından asılı olmayaraq bir daha qeyd edim ki, sərnişinlərin də üzərinə məsuliyyət düşür. Metropolitenə daxil olan sərnişinin əsas vəzifəsi diqqətli olmalı, ətrafdakı insanlara qarşı həssas olmalıdır. Bütün bunların hər biri üzərimizə müəyyən vəzifə və məsuliyyət qoyur. Metropolitenin stansiyasına daxil olan şəxs stansiyada qaçmamalıdır, tələsməməlidir. Bakı Metropoliteni SSR dövründə inşa edilib və özünəməxsus xüsusiyyətləri var.

Bakı Metropoliteni mümkün olan müasir dövrdə tətbiq edə biləcəyi texnologiyalardan istifadə edərək sərnişinlərin xəbərdarlıq edilməsi kimi məsələləri həyata keçirir. Stansiya işçilərinə bununla bağlı təlimlər keçirilib. Eyni zamanda meteopolitendə bizim qəbulm etdiyimiz strateji hədəflərə uyğun olaraq sərnişinlər arasında hər hansı bir zərurəti hiss etdikdə, eyni zamanda davamlı olaraq bu kimi tədbirləri sərnişinlər arasında da keçiririk”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə