Azərbaycanın Bolqarıstandakı Səfirliyi yardım aksiyası təşkil edib FOTO

Mübarək Ramazan ayı münasibətilə müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə ənənəvi olaraq bölgələrdə iftar süfrəsi açan Azərbaycanın Bolqarıstandakı Səfirliyi bu il yeni xeyriyyə fəaliyyəti təşkil edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı Bolqarıstan Respublikası Hökumətinin qərarlarını nəzərə alan Səfirlik bu dəfə sosial dəstək aksiyası təşkil edib. Aksiya çərçivəsində, sosial müdafiəyə ehtiyacı olan şəxslər və aztəminatlı ailələrə üstünlük verilməklə, Bolqarıstanın müxtəlif regionlarında yaşayan müsəlman əhaliyə Ramazan sovqatı paylanıb.

Aksiya Səfirlik və Bolqarıstan Respublikası Müsəlmanlar Diyanəti Baş Müftiliyi tərəfindən birgə həyata keçirilib. Baş Müftilik sosial yardım ayı olan Ramazan ayında ehtiyacı olan insanlara edilən yardımların xeyirxah təşəbbüsü olduğunu bildirib. Qeyd olunub ki, həmrəylik siyasəti ilə Azərbaycan İslam dünyasının vəhdətyaradıcı məkanı kimi bu dini tələbləri gerçəkdən bəşəri-humanist, mənəvi-əxlaqi dəyərlər kimi yaşadır. Belə təşəbbüslər nəinki İslam dininin ali dəyərlərinə sadiqliyi möhkəmləndirir, həm İslam coğrafiyası, həm də bütün dünyada insanların saflığa, şəfqət və mərhəmətə olan inamını gücləndirir.

Qeyd olunmalıdır ki, baş tutan xeyriyyə fəaliyyəti çərçivəsində Azərbaycan və Bolqarıstan bayraqlarının təsvirlərinin əksini tapdığı ərzaq bağlamaları ehtiyac sahiblərinə paylanıb. Həssas təbəqənin ünvanları ziyarət olunmaqla, sovqatlar onlara birbaşa təqdim olunub. Aksiya yerli əhali tərəfindən rəğbətlə qarşılanıb və bu çətin zamanda təqdirəlayiq addım kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə