Aİİ-də sınaq dərslər təşkil olunur FOTO

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müəllimlərin işə qəbulu ilə əlaqədar sınaq dərslərinin təşkili davam etdirilir.

Aİİ-dən SİA-ya verilən məlumata görə, demo dərslərdə institutun rəhbərliyi və müəllim heyəti iştirak edir. Dərslərin təşkilində əsas məqsəd öz sahəsində dərin biliklərə malik, peşəkar mütəxəsislərin işə cəlb edilməsidir.

Qeyd edək ki, Aİİ öz məqsədlərinə nail olmaq üçün kadrların seçiminə xüsusi diqqətlə yanaşır. Yeni kadrların işə qəbulunu İnstitutda yaradılan rəhbər və müəllim heyətindən ibarət komissiya icra edir. Üç mərhələdə reallaşan seçimdə ilkin olaraq komissiyaya təqdim edilən CV-lər nəzərdən keçirilir. Müsahibəyə dəvət olunan və uğurla keçən namizədlər sınaq (demo) dərsinə cəlb edilir. Burada müəllimlərin təqdim etdiyi fənn barədə ümumi bilik və bacarıqlarına, mövzunun tam və açıq surətdə izah etməsinə, müasir dərs vəsaitlərindən istifadəsinə diqqət yetirilir. Sonda komissiya üzvlərinin və ixtisas müəllimlərinin iştirakı ilə işə qəbulla bağlı yekun qərarlar verilir.

Məlumat üçün bildiririk ki, İnstitutda yüksək ixtisaslı kadrların, mütəxəssislərin hazırlanması məqsədi ilə tələbələrə dini elmlərlə yanaşı Fəlsəfə, Sosiologiya, Psixologiya, Multikulturalizm, Azərbaycan dili və nitq mədəniyyəti, İnformatika və s. sosial və humanitar elmlər də tədris olunur. Eyni zamanda, İnstitut fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq, tələbə-müəllim mübadiləsi həyata keçirmək məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələri qurur.

Bütün xəbərlər Facebook səhifəmizdə