Spesifik inkişaf modeli ilə tanınan Azərbaycan dünya mətbuatında

Dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilən Azərbaycan bu gün beynəlxalq aləmdə görünən və diqqətdə olan ölkəyə çevrilib. Əlbəttə ki, bunun bir çox səbəbləri var. Beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənən Azərbaycan dünya birliyinin tam bərabərhüquqlu üzvü və söz sahibi olan dövlətdir. Təsadüfi deyil ki, 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçildi və bu bir daha dünya miqyasında ölkəmizin böyük hörmətə malik olduğunu təsdiqlədi. Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatların, eləcə də, digər nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Elə bu günlərdə, Pakistanda nəşr olunan "Pakistan in the world" jurnalında və internet səhifəsində "Azərbaycan: İnkişaf və harmoniya ölkəsi" sərlövhəli məqalə dərc edilib. Məqalədə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, iqtisadi və sosial islahatların davam etdirilərək genişləndiyi, Onun rəhbərliyi altında mühüm uğurlara imza atıldığı bildirilir. Yazıda Azərbaycanın geostrateji potensialına da toxunulur. Vurğulanır ki, Avropanın cənub-şərq sərhədlərində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Regionda ən böyük hava və dəniz limanı, habelə, dəmir yolu xətti ilə Xəzər hövzəsi üçün logistik qovşağı olan Azərbaycan Transxəzər Şərq-Qərb Dəhlizi layihəsi vasitəsi ilə Çin və Avropanın 2 qlobal iqtisadi əlaqəsini təmin edir.

Ölkəmizdəki multikulturalizm mühiti də diqqətdən kənarda qalmır. Belə ki, müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə, mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradılıb. Müxtəlif dinləri və mədəniyyətləri təmsil edən bir çox xalqların dostluq və qardaşlıq şəraitində Azərbaycanda yanaşı yaşaması dövlət siyasətinin məntiqi nəticəsidir. Tolerantlığı və multikulturalizmi ilə dünya üçün ən gözəl nümunəyə çevrilən Azərbaycanda 20-dən artıq müxtəlif dini qurum, birlik və icmaların fəaliyyətdə olması tarixən mövcud olan dini və milli tolerantlığın nümunəsi kimi təqdim olunan qədim ibadət ocaqlarının qorunub-saxlanması ölkəmizdə hökm sürən bu mühiti əsaslandıran amillərdəndir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə - ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər verir.

Əsrlər boyu islam sivilizasiyasının əsas mərkəzlərindən biri olan Azərbaycan islam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Dinlə bağlı sərt qadağaların mövcud olduğu Sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib. Məqalədə Azərbaycan dövlətinin, həmçinin, islami dəyərlərinin dirçəldilməsinə böyük əhəmiyyət verildiyi, məscidlərin tikildiyi və ya bərpa edildiyi də qeyd olunur.

Bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında olan Azərbaycan davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınır. Belə olduğu halda, dünya mətbuatı və televiziyası ölkəmizə laqeyd qalmayaraq, mövcud reallıqları öz oxucusuna və tamaşaçısına təqdim edir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə