İsmayıl Sadıqov: “Bütün diplomlar elektronlaşdırılacaq” AÇIQLAMA

Saxta diplomların qarşısının alınmasında, vətəndaşların müraciətlərinin operativ şəkildə cavablandırılmasında, diplomların verilməsinin avtomatlaşdırılmasında elektron hökumət çox böyük önəm daşıyır". SİA-nın məlumatına görə, bu sözləri Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov bu gün "Elektron Hökumət" bülleteni üzrə keçirilən brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırda universitet məzunlarının diplomlarının elektronlaşdırılması istiqamətində işlər görülür: "Keçən il bütün məzun olan tələbələrin diplomları elektron portala yerləşdirilib. Artıq 30 mindən çox tələbənin diplomu elektron portala yerləşdirilərək, istifadəyə asanlıq gətirilib. Hazırda isə 1990-cı illərdə univeristetlərini bitirən vətəndaşların diplomlarının elektron portala yerləşdirilməsi istiqamətində işlər görürük. Yəni müstəqillik illərində əldə edilən bütün diplomlar elektronlaşdırılacaq".

İsmayıl Sadıqov qeyd etdi ki, diplomların elektronlaşdırılması işə götürənlərə də müsbət təəsir edəcək. Həmçinin universitetlərin elektron şəkildə təqdim edəcəkləri siyahılar daha asanlıqla bərpa olunacaq və diplomlar daha qısa zamanda məzunlara çatdırılacaq: "Diplomlar portala yerləşdirildiyi vaxt bundan işə götürənlər də yararlana biləcəklər. Belə ki, onlar işə götürmək istədikləri vətəndaşın məlumatına asanlıqla portaldan daxil olub baxa biləcəklər. Artıq diplomların elektronlaşdırılması ilə bağlı universitetlər də addımlarını atıb. Təhsil Nazirliyinə birbaşa elektron diplomlar təqdim olunur. Əvvəllər siyahılar Nazirliyə daxil olduğunda günlərlə iş görülürdüsə, hazırda 2 gün ərzində siyahını tam formada düzəldə bilirik və diplomları məzunlara vaxtında çatdıra biləcəyik.

İ. Sadıqov birinci sinifə daxil olan məktəblilərin elektron qeydiyyatı məsələsinə də toxundu. Qeyd etdi ki, elektron qeydiyyat məktəblərin doluluq limitinin aşkarlanmasına dəstək olacq: "Artıq məktəblərin fəaliyyətinin elektronlaşdırılması istiqamətində də işlər görürülür. Bu ildən etibarən Bakıda 1-ci sinfə daxil olacaq məktəblilərin qeydiyyatı elektron şəkildə aparılacaq. Bu həm məktəblərdə doluluq limitini dəqiqləşdirməyə imkan verəcək. Yəni şəffaf müraciət əldə edilmiş olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...