20 Mart - "Beynəlxalq Ağız Boşluğunun Sağlamlığı Günü" kimi qeyd olunacaq

Müsahibimiz ATU-nun kafedra müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyevadır

- Rəna xanım, bildiyimiz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə yaradılmış bir çox təşkilatlar müxtəlif beynəlxalq qurumlarda təmsil olunur, ölkənin nüfuzunu daim yüksəklərə qaldırır. Söz yox ki, Azərbaycanda inkişaf edən sahələrdən biri də məhz səhiyyə sahəsidir ki, bu sahə üzrə müvafiq assosiasiyalar uğurla fəaliyyət göstərirlər. Azərbaycan Stomatoloji Assosiasiyası (ASA) da onlardan biridir. Bildiyimiz kimi, Siz, elmi və ictimai fəaliyyətinizlə yanaşı artıq 15-ci ildönümünü qeyd edən ASA-nın prezidenti vəzifəsini icra edirsiniz. Mümkündürsə, assosiasiyanın yaradılması və iş funksiyanız haqqında söhbət açardınız...

- Assosiasiyamız 1997-ci ildə təsis olunub və yarandığı gündən başlayaraq, beynəlxalq aləmdə nüfuz dairəsini genişləndirib. Təşkilatımız artıq 1998-ci ildən etibarən Beynəlxalq Stomatoloji forumlarda aktiv iştirak edərək, respublikamızda da stomatologiyanın bir çox sahəsinə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlar təşkil edib. Bizim əsas məramlarımızdan biri də ondan ibarət olub ki, ASA hər zaman dünya stomatologiyasına inteqrasiya olunmaq üçün sürəkli addımlar atsın. Çünki dünyanın stomatoloji yeniliklərini, texnologiyalarını əldə etmək, bu sahədəki praktikanı genişləndirmək, Azərbaycan stomatologiyasına yeniliklər gətirməyə əsaslanır. Düşünürəm ki, biz buna nail olmuşuq. Məhz dünyanın 133 daimi, 9 assosiativ, 25 korporativ üzvünü birləşdirən Beynəlxalq Stomatoloqlar Federasiyasına (FDİ) qəbul olunmağımız da apardığımız işlərin uğurlu nəticəsidir. Dünya stomatoloqlarını birləşdirən bir təşkilata üzv olmaq həm də SSRİ dağıldıqdan sonra bizim üçün ən əsas vəzifə borcu idi. Daha bir maraqlı fakta toxunaraq bildirmək istərdim ki, ASA-nın FDİ-ə qəbul olunmasından öncə, MDB ölkələrindən yalnız Rusiya həmin təşklata üzv seçilmişdi. Azərbaycan isə bu sırada ikincidir.

- ASA dünya stamotoloqlarının federasiyasına necə üzv oldu, çünki bildiyimiz qədər FDİ-yə qəbul olunmaq elə də asan iş deyil?

- Bilirsiniz, ASA FDİ-yə üzv olunmamışdan bir il öncə federasiyaya paket sənədlər təqdim etdi. Həmin sənədləri Federasiyanın Baş Assambleyası nəzərdən keçirdi və gizlin səsvermə prosedurlarından sonra Azərbaycanın da beynəlxalaq təşkilatın üzvlüyünə qəbul olunması yekdilliklə bəyənildi. Məhz həmin ildən etibarən - 1998-ci ildən başlayaraq İspaniyanın Barselona şəhərində ASA ukraynalı həmkarları ilə birlikdə daimi üzvlüyə seçildi və bu günə qədər federasiyanın keçirdiyi bütün beynəlxalq tədbirlərdə iştirak edir.

- Rəna xanım, ASA-nın ölkədəki fəaliyyət istiqaməti necə təşkil olunub?

- Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra, xüsusilə, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi dövrlərdən başlayaraq, ölkədə bütün sahələrlə yanaşı, səhiyyə sahəsində də bir çox uğurlu islahatlar aparılmağa başlandı. Məhz stomatologiya sahəsində görülən davamlı işlərin nəticəsidir ki, bu gün təşklatımız mütəmadi şəkildə yeni-yeni layihələr həyata keçirir, uğurlar əldə edir.

Təbii ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də səhiyyəyə göstərdiyi diqqət və qayğısı bizim apardığımız məqsədyönlü işlərimizə kifayət qədər stimul, təkan verir. Mən burada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətinə də toxunmaq istərdim. Çünki Onun rəhbərlik etdiyi fond nəinki Azərbaycanda, eləcə də, dünyanın ən ucqar nöqtələrində belə, bir çox nəhəng layihələr həyata keçirmişdir. Bir səhiyyə işçisi kimi Mehriban xanımın bu sahə üzrə də göstərdiyi fəaliyyətini yüksək dəyərləndirməklə yanaşı, həm də Onun bir Azərbaycan qadını, Azərbaycan xanımı kimi nə qədər alicənab şəxsiyyət olmasını da vurğulamaq istərdim.

ASA-nın fəaliyyətinə gəlincə, assosiasiyamızın iş istiqaməti bir neçə yerə bölünüb. İlk istiqamət yuxarıda vurğuladığım kimi, beynəlxalq fəaliyyətlə bağlıdır. Qeyd edim ki, FDİ-də fəaliyyətini uğurla davam etdirən ASA 2005-ci ilin nəticələrinə görə beynəlxalq təşkilatın inkişaf fondunun donorlarından biri kimi tarixə düşmüşdür. Həmçinin, ASA Azərbaycanda beynəlxalq stomatologiyanın aktual problemlərinə həsr olunmuş konfranslar keçiribdir. Bununla yanaşı, ASA-nın rəsmi nümayəndələri hər il FDİ tərəfindən təşkil edilən bütün konqreslərdə yaxından iştirak etmişdir. Artıq növbəti konqresin keçiriləcəyi şəhər də müəyyən olunub. Bu, qardaş ölkə Türkiyənin İstambul şəhərində 28-31 avqustda baş tutacaq.

İkinci istiqamətimiz isə ölkədaxili fəaliyyətimizin təməlini təşkil edir. Belə ki, ASA Azərbaycanın paytaxtı ilə yanaşı, bölgələrdə çox uğurlu layihələr də reallaşdırıb. Gəncədə, Şəkidə, cənub və şimal regionlarımızda müxtəlif adda simpoziumlar həyata keçirilib, həkimlər üçün maarifləndirici işlər təşkil olunub. Bu işlər artıq ənənə şəkli almışdır. Qeyd edək ki, bütün tədbirlər pulsuz olaraq assosiasiyamızın daxili hesabları sayəsində gerçəkləşdirilməkdədir. Bu faktor isə onu deməyə əsas verir ki, Azərbaycanda səhiyyə sahəsinə göstərilən dövlət qayğısı olmasa idi, əlbəttə ki, bizlər bu kimi uğurla yekunlaşan layihələrimizi həyata keçirə bilməzdik.

ASA-nın fəaliyyətinin əhəmiyyətli mərhələlərindən biri də assosiasiyamızın dövrü mətbuat orqanının yaradılmasıdır. "Qafqazın Stomatoloji Yenilikləri" adlı dərgimiz apardığımız işlərin hesabatlarını, qarşıda dayanan məqsəd və məramlarımızı oxucuların diqqətinə çatdırır. Belə ki, dərginin redaksiya heyətinə MDB-nin, eləcə də, xarici ölkələrin görkəmli alimləri daxil olmuşlar.

- Rəna xanım, ASA-nın başqa hansı layihələri mövcuddur və qarşıdakı planlarınız nədən ibarədir?

- ASA yalnız stomatoloji xəstəliklərlə deyil, eləcə də, digər sahələr üzrə də fəaliyyət proqramları təşkil etməkdədir. Belə ki, 1999-cu ildən başlayaraq, assosiasiyamız şəkərli diabet xəstəsi olan uşqalar üçün ağız boşluğunun sağlamlaşdırmaq istiqamətində proqram həyata keçirir. ASA-nın üzvləri şəhər və respublika endokrinoloji dispanser nəzdində diabetli uşqalarda ağız boşluğunun gigiyenasını mənimsətmək məqsədi ilə dərslər keçir.

Uşaq yaşlarında stomatoloji xəstəliklərin azaldılmasının vahid və təsirli vasitəsi həm də profilaktik proqramlardır. Bununla əlaqədar rəhbərlik etdiyim assosiasiya müvafiq tanınmış şirkətlərlə Azərbaycanda məktəb-təhsil proqramını reallaşdırmışdır. Bu proqram ağız boşluğu gigiyenasının yaxşılaşdırılmasına xidmət edir. Qeyd edim ki, mövcud proqram çox uğurla həyata keçirilmiş və 10 il ərzində Bakı, Sumqayıt, Mingəçevir, Gəncə və Şirvanda 300 min uşaq həmin proqrama cəlb edilmişdir. Onu da bildirim ki, bizim dərs vəsaitlərimiz Təhsil Nazirliyi tərəfindən də təsdiqlənmişdir. Qarşıda dayanan planlara gəlincə, bildirmək istərdim ki, ASA ölkədə növbəti elmi-praktiki konfranslarını keçirmək niyyətindədir. Çünki bu konfransların keçirilməsi nəticəsində həkim stomatoloqların bilik, ixtisas səviyyələri artırılır, aparılan fikir mübadilələri işimzi uğurlu şəkildə qurmağa kömək edir.

Digər bir məsələyə də aydınlıq gətirmək istərdim. Belə ki, hər il sentyabr ayının 12-i FDİ tərəfindən elan olunmuş "Beynəlxalq Ağız Boşluğunun Sağlamlığı Günü (WOHD)" kimi qeyd edilməkdə idi. Artıq bu tarix 2013-cü ildən başalayarq martın 20-də qeyd olunacaq. ASA da, öz növbəsində, bu qərarı dəstəkləyərək, əvvəlki illərdə olduğu kimi, bu il də bu günlə bağlı müxtəlif istiqamətlərdə öz təbliğati işlərini aparıb və bundan sonra da insanlar arasında bu istiqamnətdəki işlərini uğurla quracaq.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...