Birinci siniflər niyə məhz saat 08:00-da dərsə başlayır? - ARAŞDIRMA

Birinci siniflər niyə məhz saat 08:00-da dərsə başlayır? - ARAŞDIRMA

Yeni tədris ilinin yaxınlaşması ilə valideynləri ən çox maraqlandıran məsələlərdən biri də birinci sinif şagirdlərinin dərsə başlama saatıdır. Xüsusilə dərslərin əksər məktəblərdə saat 08:00-da başlaması bəzi valideynlərdə suallar yaradır. Onlar hesab edirlər ki, 6 yaşlı uşaqların səhər tezdən oyanaraq məktəbə getməsi həm fiziki, həm də psixoloji baxımdan çətinlik yarada bilər. Digər tərəfdən, dərs cədvəllərinin məktəblərin iş rejimi və təşkilati imkanları nəzərə alınmaqla tərtib edildiyi bildirilir. Bəs birinci siniflər üçün dərslərin məhz səhər saatlarında başlaması hansı prinsiplərə əsaslanır? Bu sahədə hansı qaydalar mövcuddur və mütəxəssislər bu barədə nə düşünür?

SİA mövzu ilə bağlı araşdırma edib.

Dünya təcrübəsində birinci siniflər üçün vahid dərsə başlama saatı yoxdur. Bu, ölkənin təhsil sistemi, məktəbin iş rejimi, nəqliyyat imkanları və şagird sayından asılı olaraq dəyişir. Lakin ümumi tendensiya ondan ibarətdir ki, ibtidai siniflərdə dərslər əksər hallarda 08:00–09:00 aralığında başlayır.

Məsələn:

Finlandiya və digər Skandinaviya ölkələrinin bir çox məktəblərində ibtidai siniflərdə dərslər adətən 08:30–09:00 arasında başlayır. Bu ölkələrdə uşaqların yaş xüsusiyyətləri və rifahı təhsil siyasətində əsas prioritetlərdən hesab olunur.

ABŞ-da vahid qayda yoxdur. Ştat və məktəblərə görə dərslər 07:30-dan 09:00-a qədər müxtəlif saatlarda başlaya bilər. Son illərdə daha çox orta və yuxarı siniflər üçün dərslərin gec başlaması ilə bağlı dəyişikliklər edilir, çünki yeniyetmələrin bioloji ritmi buna ehtiyac yaradır.

Yeni Zelandiya və Avstraliya məktəblərinin əksəriyyətində ibtidai siniflər üçün dərslər təxminən 08:30–09:00 arasında başlayır.

Təhsil üzrə beynəlxalq araşdırmalar göstərir ki, kiçik yaşlı uşaqlarla yeniyetmələrin yuxu ritmi fərqlidir. Buna görə də dərslərin daha gec başlaması ilə bağlı elmi tövsiyələr əsasən orta və yuxarı sinif şagirdlərinə aiddir. Birinci siniflər üçün isə dərs saatı müəyyən edilərkən uşağın yuxu rejimi ilə yanaşı, məktəbin növbəliliyi, nəqliyyat və təşkilati imkanlar da nəzərə alınır.


Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Azərbaycanda ümumtəhsil məktəblərində dərslərin başlama və bitmə saatları məktəblər tərəfindən sərbəst müəyyən edilmir. Bu məsələ Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müəyyən etdiyi qaydalar əsasında tənzimlənir:

“Ölkədə böyük saat fərqi olmadığından dərslərin başlanma vaxtı bütün məktəblər üçün vahid prinsiplər əsasında müəyyən edilir. Ümumilikdə orta ümumtəhsil məktəblərində dərslər saat 08:00-da başlayır. Günortadan sonrakı növbələr də müvafiq qaydalara uyğun təşkil olunur. Məktəblər özbaşına bu saatı dəyişə bilməz. Yalnız xüsusi zərurət yarandıqda, məsələn, dağ və ya ucqar ərazilərdə nəqliyyat və gediş-gəliş problemləri olduqda, məktəb pedaqoji şuranın qərarı ilə regional təhsil idarəsinə müraciət edə bilər. Razılıq verildiyi təqdirdə dərsin başlama və ya bitmə vaxtında dəyişiklik edilə bilər.”

Onun sözlərinə görə, birinci sinif şagirdləri üçün dərslərin daha gec saatda başlaması ilə bağlı müxtəlif fikirlər səslənsə də, beynəlxalq təcrübədə erkən başlayan dərslərin müəyyən üstünlükləri qeyd olunur.

“Uşaqlar səhər saatlarında dərsə daha hazırlıqlı olurlar. Beyin daha dinc vəziyyətdə olduğundan qavrama və öyrənmə qabiliyyəti yüksək olur. Bundan əlavə, dərslərin saat 09:00-da başlaması nəqliyyat sıxlığını artıra və valideynlərin iş rejimində çətinlik yarada bilər. Hazırkı sistem həm nəqliyyat infrastrukturunun yükünü azaltmaq, həm də valideynlərin övladlarını məktəbə qoyaraq vaxtında işə çatmasını təmin etmək məqsədi daşıyır.”

Ekspert qeyd edib ki, xarici ölkələrdə dərs saatları ölkənin coğrafi xüsusiyyətləri, saat qurşaqları və yerli təhsil siyasətinə uyğun tənzimlənsə də, Azərbaycanda bu proses mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Nevroloq Röyanə Quliyevanın sözlərinə görə, 6–7 yaşlı uşaqlar üçün məktəbin başlanma saatı ilə bağlı elmi araşdırmalar göstərir ki, bu yaş qrupu yeniyetmələrdən fərqli olaraq daha erkən yatmağa və daha erkən oyanmağa meyllidir:

“Buna görə də saat 08:00-da dərsin başlaması əksər 6–7 yaşlı uşaqların bioloji ritminə uyğun hesab oluna bilər, lakin bunun vacib şərti uşağın kifayət qədər yuxu almasıdır. Milli Yuxu Fondu (National Sleep Foundation) və Amerika Yuxu Təbabəti Akademiyası (AASM) bu yaşda uşaqlar üçün 9–12 saat gecə yuxusunu tövsiyə edir. Əgər uşaq bu qədər yuxu almırsa, saat 08:00-da dərsdə olması onun orqanizmi üçün çətinlik yarada bilər.

Erkən oyanma kifayət qədər yuxu ilə müşayiət olunmadıqda, uşağın diqqətinin cəmlənməsini, işçi yaddaşını, yeni məlumatları öyrənmə qabiliyyətini və akademik nailiyyətlərini azalda bilər. Yuxu çatışmazlığı həmçinin emosional tənzimləməni pozur, əsəbilik, aqressivlik, narahatlıq və motivasiya azalması ilə əlaqələndirilir. Uzunmüddətli yuxu defisiti davranış problemləri və hətta DEHB-yə bənzər əlamətlərin daha qabarıq görünməsinə səbəb ola bilər. Əksinə, kifayət qədər yuxu alan uşaqlar dərsdə daha diqqətli olur, məlumatı daha yaxşı mənimsəyir və emosional cəhətdən daha sabit olurlar.

Beynəlxalq tövsiyələr yaş qruplarına görə fərqlənir. Amerika Pediatriya Akademiyası (AAP) və digər beynəlxalq təşkilatlar əsasən yeniyetmələr üçün məktəbin 08:30-dan tez başlamamasını tövsiyə edir, çünki onların bioloji saatı daha gec yuxuya getməyə meyllidir. Lakin ibtidai sinif şagirdləri (6–12 yaş) üçün saat 08:00–08:30 aralığında dərs başlanğıcı ümumiyyətlə uyğun hesab edilir. Bununla belə, ekspertlər vurğulayırlar ki, əsas məqsəd məktəb saatını dəyişməkdən çox, uşağın yaşına uyğun yuxu müddətini təmin etməkdir.

Əsas nəticə: 6–7 yaşlı uşaq axşam vaxtında yatır və gecə 9–12 saat keyfiyyətli yuxu alırsa, saat 08:00-da dərsin başlaması adətən bioloji ritminə uyğundur. Ancaq erkən məktəbə görə yuxu müddəti azalırsa, bu, diqqət, öyrənmə və psixi sağlamlıq baxımından mənfi nəticələrə səbəb ola bilər”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsasən, uşaqların 1-ci sinifdə təhsil prosesi bir sıra tələblərə riayət edilməklə həyata keçirilməlidir. Belə ki, tədris məşğələləri yalnız birinci növbədə keçirilir, 5 günlük tədris həftəsi tətbiq olunur və tədris həftəsinin ortasında asanlaşdırılmış tədris günü təşkil edilir. İbtidai siniflərdə təhsil alanların fiziki tərbiyə və musiqi fənləri istisna olmaqla, sırf təlim vaxtı ümumi dərs vaxtının 80 faizindən artıq olmamalıdır. Şagirdlərin yorulmaması, qamətinin pozulmaması və görmə qabiliyyətinin qorunması məqsədilə oxu, yazı və riyaziyyat fənlərinin tədrisi zamanı gözlər üçün gimnastika hərəkətlərinin həyata keçirilməsi zəruridir. Qərarda dərslərin səhər saat 8:00-da başlamasının məqsədəuyğun olduğu da qeyd edilir. Ayrı-ayrı fənlərin dərindən tədris olunduğu ümumi təhsil müəssisələrində, lisey və gimnaziyalarda dərslər, bir qayda olaraq, birinci növbədə keçirilir. Bir neçə növbədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə 1-ci, 5-ci və buraxılış siniflərinin dərsləri birinci növbədə təşkil edilməlidir. Eyni zamanda, şagirdlərin dərs cədvəlləri gündəlik və həftəlik əqli iş gərginliyi nəzərə alınmaqla tərtib olunmalı, aşağı siniflərdə əsas fənlər musiqi, təsviri incəsənət, texnologiya və fiziki tərbiyə fənləri ilə növbələşdirilməlidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə