Mövsüm dəyişikliyində adaptasiya çətinlikləri: necə baş edək? - PSİXOLOQ AÇIQLADI

“Hər bir dəyişiklik insan həyatında müəyyən adaptasiya mərhələsini tələb edir. Dəyişikliklər qarşısında ilk olaraq “yeni şəraitə necə uyğunlaşmalıyam?” sualı ortaya çıxır. Bu, istər yeni işə başlamaq, istərsə də fərqli sosial mühitə daxil olmaq zamanı özünü göstərir. İnsan fərqli situasiyalarda, o cümlədən uşaqla ünsiyyət zamanı belə qarşı tərəfin ehtiyaclarına uyğun davranmağa çalışaraq adaptasiya prosesindən keçir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Aytən Ələkbərova sözlərinə belə davam edib: “Adaptasiya çətinliklərinin mahiyyəti ondan ibarətdir ki, insan yeni şəraitə keçidi bəzən “yeni həyata başlamaq” kimi qəbul edir və üzərinə ağır psixoloji yük düşür. Xüsusilə digər mövsümlərdə - məsələn, yay fəslində mövsümi depressiyaya meyillilik, xroniki yorğunluq və ya narahatlıq pozuntuları aktivləşirsə, bu hal gələcək dəyişikliklərə uyğunlaşmanı daha da çətinləşdirir. Belə insanlar yeni ilin və ya yeni işin gətirəcəyi məsuliyyəti əvvəlcədən ağır yük kimi hiss edir və nəticədə depressiv simptomlar - yorğunluq, ümidsizlik və neqativ düşüncələr üzə çıxır.

Adaptasiyanın uğurlu olması üçün insanın daxili motivasiyası və müsbət emosional yanaşması mühüm rol oynayır. Yeni işə, yeni həyata və ya yeni mövsümə uyğunlaşmaq üçün insanın həm istəkləri, həm də məqsədləri aydın olmalıdır. Əgər insan göstərdiyi enerjini və sevgini bir neçə dəfə artıq geri ala bilirsə, bu zaman həyatının ən yaxşı günlərini yenidən yaşamaq və yeni uğurlar əldə etmək imkanı qazanır.

Psixoloji nəzəriyyələrə görə, insan əvvəlcə düşünür, daha sonra öz düşüncələrini, arzularını və məqsədlərini sistemləşdirir. Bu prosesin sonunda isə fərd öz taleyini müəyyənləşdirir. Deməli, insanın gələcək həyatının formalaşmasında onun düşüncə tərzi, əməli fəaliyyəti və məqsədyönlü planlaşdırması bir-birini tamamlayan əsas amillərdir. Nəticə olaraq, adaptasiya çətinliklərini aradan qaldırmaq üçün insanın ardıcıl şəkildə düşünməsi, çalışması və gələcəyi planlaması vacibdir. Çünki bu gün atılmayan addımlar sabahın uğurlarını təmin edə bilmir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə