"Ümumiyyətlə, rəqəmsal xidmətlər doğrudan da son dərəcə inkişaf etməkdədir – həm qlobal olaraq, həm də Azərbaycanda". Bu sözləri SİA-ya açıqlamasında İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib.
Onun sözlərinə görə, bu, artıq bizim gələcəyimiz olmaqla yanaşı, bugünkü reallığımızdır. Rəqəmsal imza – formasından asılı olmayaraq, istər elektron imza, istər biometrik (sima) üzərindən olan imzalar – ümumi məqsədi insanlara öz şəxsiyyətini təsdiq edərək müxtəlif xidmətlərə çıxış imkanı yaratmaqdır: "Hazırda Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bir çox xidmət – məsələn, doğum, nikah və ölüm qeydiyyatı – artıq tam rəqəmsallaşdırılıb. Yəni elektron imzası olan şəxs heç bir yerə getmədən bu xidmətləri ala bilir.
Yaxın illərdə digər xidmətlərin də rəqəmsallaşacağı gözlənilir. Rəqəmsal imza təkcə dövlət və vətəndaş arasında deyil, həm də özəl sektor və vətəndaş, eləcə də bizneslər arasında hüquqi təsdiq funksiyası daşıyır. Artıq tərəflər kağız sənədə ehtiyac olmadan rəqəmsal olaraq müqavilələr imzalaya bilirlər. Bu, həm zaman, həm də resurs baxımından qənaət deməkdir. Məsələn, kənddə yaşayan vətəndaş sənəd almaq üçün rayon mərkəzinə və ya Bakıya getmək əvəzinə, evində oturaraq bu işi görə bilir.
Bu, dövlət üçün də faydalıdır. Yeni asan xidmət mərkəzləri tikməyə ehtiyac olmur, mövcud mərkəzlər isə gələcəkdə bəlkə də özəl sektora xidmət göstərməyə yönləndirilə bilər.
Eyni zamanda, elektron sənəd dövriyyəsi ilə kağıza qənaət edilir. Məlumatlara görə, Azərbaycanda elektron sənəd sistemləri nəticəsində ildə təxminən 10.000 ağac xilas olunur.
Bütün bunlar göstərir ki, rəqəmsallaşma həm vətəndaşın rahatlığı, həm də dövlətin xərclərinə qənaət baxımından çox böyük əhəmiyyətə malikdir. Bu proses artıq geridönməzdir və biz də bu dəyişimin bir parçasıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə